"Unibank" dayanıqlı maliyyə seminarları təşkil edib

"Unibank" tərəfindən universitet tələbələri üçün “Bankçılıqda Dayanıqlılıq: Risklər, Gəlirlilik və Sosial məsuliyyət” mövzusunda maarifləndirici seminarlar təşkil edilib.
“Unibank”ın Dayanıqlılıq üzrə meneceri Səmra Talışinskaya-Abbasova tərəfindən ADA və UNEC tələbələri üçün keçirilən tədbirlərdə ümumilikdə 50-dən çox tələbə iştirak edib.
Seminarlarda dayanıqlı maliyyə ilə bağlı əsas anlayışlar, iqlim dəyişikliyi və ölkəmizin iqlim gündəliyi, qlobal və lokal kontekstdə dayanıqlı maliyyənin inkişaf perspektivləri, bank sektorunun bu sahədə rolu haqqında geniş məlumat verilib. Eyni zamanda dayanıqlı iqtisadi inkişaf və iqlim dəyişmələri ilə mübarizədə bankların müstəsna rolu, dayanıqlı maliyyənin banklar üçün gətirdiyi yeni reallıq və gələcək trendlər, ESG (Ətraf mühit, Sosial məsuliyyət və Korporativ idarəetmə) prinsiplərinin bankçılıq fəaliyyətinə inteqrasiyası və bu istiqamətdə beynəlxalq trendlər müzakirə olunub.
Seminarların sonunda tələbələrin sualları cavablandırılıb və iştirakçılara sertifikatlar təqdim edilib.
"Unibank" üçün dayanıqlı maliyyə üzrə məlumatlılığın artırılması uzunmüddətli dövrdə bankın strateji dayanıqlılıq vizyonunun əsas istiqamətlərindən birini təşkil edir. Bu cür maarifləndirici təşəbbüslər, eyni zamanda, “Unibank”ın məsuliyyətli korporativ təşkilat olaraq ölkənin davamlı inkişaf hədəflərinə töhfəsidir.
"Unibank" - Sənin Bankın!