Ən böyük avtomobil istehsalçısının satışları azalıb

Yaponiyanın və dünyanın ən böyük avtomobil istehsalçısı olan “Toyota Motor Corp.” 2024-cü maliyyə ilində qlobal avtomobil satışlarının son dörd ildə ilk dəfə azaldığını açıqlayıb.
Sfera.az “Nippon”nəşrinə istinadən xəbər verir ki, şirkətin verdiyi məlumata görə, ümumi satışlar 10 milyon 273 min 719 ədəd təşkil edib ki, bu da ötən illə müqayisədə 0,3 faiz azalma deməkdir.
Yaponiya bazarında isə satışlar 1,6 faiz azalaraq 1 milyon 505 min 255 ədədə düşüb. Bu azalma, avtomobillərin sınaq proseslərindəki fırıldaqçılıq halları və “Prius” hibrid modelinin geri çağırılması ilə əlaqələndirilir.
Xarici bazarlarda da vəziyyət sabit qalmayıb, satışlar 0,1 faiz azalaraq 8 milyon 768 min 464 ədəd olub. Xüsusilə Çin bazarında yerli istehsalçılarla rəqabətin artması səbəbilə satışlar 5,9 faiz azalıb.
Bununla yanaşı, şirkətin ümumi qlobal istehsalı da 2,9 faiz azalaraq 9 milyon 679 min 470 ədədə düşüb. Yaponiyadakı istehsal isə 2,2 faiz azalaraq 3 milyon 236 min 420 ədəd olub.
Fidan Hacızadə