Azərbaycanda yumurtanın qiyməti ilə bağlı ZİDDİYYƏT

Yeni bir iddia yayılıb ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 20 milyon ədəddən çox yumurta göndərilib. Qeyd olunub ki, ixrac olunan yumurtanın bir ədədinin orta gömrük dəyəri 10 qəpik olub, BƏƏ-yə 10 qəpiyə ixrac edilib. Həmin aylarda Azərbaycanda satılan yumurtanın bir ədədinin satış qiyməti 16 qəpik olub.
Maraqlıdır, Azərbaycan BƏƏ-yə yumurta ixrac edirmi? Əgər Azərbaycan yumurta ixrac edirsə, həcm və qiymət nə qədər olub? 10 qəpikdən ixrac edilməsi doğrudursa, ölkədə yumurtanın qiyməti niyə ixrac olunandan yüksəkdir?
Məsələ ilə müvafiq qurumdan və ekspertdən rəy öyrənmək qərarına gəldik.
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov Oxu.Az-a açıqlamasında qeyd edib ki, sözügedən situasiyada yumurtanın ixrac qiyməti ilə daxili bazardakı satış qiyməti arasında böyük fərq yaranır:
"Xarici bazara 10 qəpiyə ixrac olunan yumurtanın daxili bazarda 16 qəpiyə satılması düzgün hal deyil. Çünki bazarın öz qanunları var. Daxili bazar da bazar qaydaları ilə tənzimlənməli, qiymətlərin artmasının səbəbləri öyrənməli və qiymət artımına yol verilməmlidir. Bu baxımdan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məsələni araşdırmalıdır. Daha sonra müvafiq addımlar atılmalıdır. Daxili bazarda rəqabət mühiti təmin olunmalı və ixrac olunan malların ixrac qiymətləri ilə daxili bazardakı qiymətlər arasında böyük fərqin yaranmasına yol verilməməlidir".
"Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli isə bildirib ki, Azərbaycanda yumurtanın fabriklərdən marketlərə çatdırılmaq şərti ilə topdansatışı təxminən 10 qəpik civarındadır:
"Yumurta mağazalarda 12-13 qəpiyə satılır. Hazırda ABŞ-yə bir qutu - 360 ədəd yumurta 36 dollara, Dubaya isə 31-33 dollara satılır. Yerli bazarda bir qutu - 360 ədəd yumurta təxminən 37-39 manat civarındadır. Yanvar-fevral aylarında bir az yumurta bolluğu olduğuna görə, həmin anda satış xarici bazarlara 22-23 dollar civarına çata bilər.
2025-ci ilin mart ayının 24-dən bu günə qədər ABŞ-yə 18 milyon ədəd yumurta göndərilib".