ABŞ-İran danışıqları nefti ucuzlaşdıracaq? - AÇIQLAMA

ABŞ-İran danışıqları nefti ucuzlaşdıracaq? - AÇIQLAMA

ABŞ və İran arasında nüvə məsələləri ilə bağlı artıq bir neçə görüş keçirilib. Son görüşlərdə razılaşmanın olacağına dair ümidlər var. 

 

Maraqlıdır, əgər razılaşma olarsa və bunun nəticəsində İrana qarşı sanksiyalar yumşaldılarsa, yeni vəziyyət neftin ucuzlaşmasına səbəb ola bilərmi?

 

Sfera.az-a bu barədə açıqlama verən politoloq Elçin Xalidbəyli ABŞ və İran arasında anlaşmanın olub-olmayacağının hələ də qeyri-müəyyən olaraq qaldığını deyib.
Politoloqun fikrincə, danışıqlar yeni başlayıb və kifayət qədər ziddiyyətli, qəliz məsələlər mövcuddur:

 

“Bu problemləri həll etmək isə o qədər də asan deyil. Hər iki tərəf görüşlərin davam etdiriləcəyini, hətta anlaşmanın mümkünlüyünü bəyan etməyə başlayıb. Lakin bütün bunlar daha çox diplomatik gedişlərdir. Tərəflərin konkret hədəfləri var. İranın öz nüvə proqramından imtina edəcəyi inandırıcı görünmür. Eyni zamanda ABŞ-nin də İrana bu proqramdan imtina etməsi üçün ciddi təzyiqlər göstərəcəyi qətiyyən şübhə doğurmur.Bu da o deməkdir ki, danışıqlar davam etdikcə müzakirələrin dalana dirənmə ehtimalı realdır və anlaşma ehtimalı o qədər də yüksək deyil”. 

 

E.Xalidbəyli İrana qarşı ABŞ-nin təzyiqlərinin artması, hətta sanksiyaların gücləndirilməsi ehtimalından danışmağın daha məntiqli olduğunu vurğulayıb.

 

Onun sözlərinə görə, Ağ Evdə bəzi qruplaşmalar İranla danışıqların əleyhinə çıxırlar:

 

“Onlar hesab edirlər ki, İrana qarşı sarsıdıcı hərbi zərbələrin endirilməsi mövcud problemlərin həllində yeganə doğru yol ola bilər. Bu xəttin əsas təmsilçiləri ABŞ vitse-prezidenti Ceyms Devid Vens və dövlət katibi Marko Rubio hesab olunurlar. Hər iki şəxs hərbi müdaxilənin tərəfdarları kimi çıxış edir. Lakin prezident Tramp hələlik məsələnin siyasi-diplomatik təmaslarla həll olunacağına ümid bəsləyir. Bu səbəbdən danışıqlar prosesi davam etdirilir”.

 

Müsahibimiz bütün bunları nəzərə alaraq bildirib ki, İranla bağlı proseslər uzun müddət davam edəcək və bu baxımdan neft bazarına təsiri hələ ki, pozitiv deyil. Əksinə, bu gərginlik müəyyən mərhələdə neftin bahalaşmasına səbəb ola biləcək situasiyalar yarada bilər.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR