Bu şəxslər daha tez pensiya alacaq

Bugün Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları” haqqında Qanuna yeni dəyişikliklər müzakirə olunaraq plenar iclasa tövsiyyə olunub. Dəyişikliklərə əsasən, güzəştli şərtlər ilə pensiyaya çıxan bir sıra vətəndaşlarımızın, o cümlədən çoxuşaqlı anaların güzəşt müddətində pensiyaları dövlət büdcəsindən ödəniləcək.
Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov öz sosial şəbəkə hesabında yazıb.
Millət vəkili çıxışı zamanı pensiya yaşının müəyyənləşməsində kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət meyarlarından istifadə olunmasını və uşaqların sayına görə pensiya yaşının müəyyənləşdirilməsini təklif edib. Yəni, çoxuşaqlı ailələrdə uşaqların sayına uyğun olaraq pensiya yaşının azaldılmasını təklif edilib.
V.Bayramov qeyd edib ki, güzəştli şərtlər ilə pensiya yaşı müəyyənləşdirilən zaman kəmiyyət indikatorları ilə yanaşı, keyfiyyət meyarlarından da istifadə edilməsi məqsədəuyğun olardı:
“Bugün müzakirə etdiyimiz “Əmək pensiyaları” haqqında Qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olanlar 5 il daha tez pensiyaya çıxırlar.
Müzakirə etdiyimiz dəyişikliklərlə onların pensiya təminatı dövlət büdcəsi hesabına həyata keçiriləcək. Bununla belə, 5 uşağı olan şəxslə 5-dən daha çox uşağı olanların pensiya güzəşti eynidir. Halbuki, uşaqların sayına görə pensiya yaşının azaldılması daha məqsədəuyğun olardı. Bu halda daha çox övladı olan valideynlər daha tez pensiyaya çıxa bilərlər. Bu kontekstdən pensiya yaşının müəyyənləşdirilməsində keyfiyyət meyarlarından istifadə sosial təminat baxımdan da arzuolunandır”.
Deputat əlavə edib ki, təqdim edilən dəyişiklik pensiyaların ödənilməsində maliyyə təminatının genişləndirilməsi və fiskal dayanıqlığın gücləndirilməsi baxımdan vacibdir:
“Bu, dövlət büdcəsi ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maliyyə öhədliklərinin dəqiqləşdirilməsinə xidmət edir. Dəyişiklik dövlət büdcəsi hesabına güzəştli şərtlər ilə pensiya alanların dairəsinin genişləndirilməsinə xidmət edəcək. Məhz bu səbəbdən dövlət büdcəsindən DSMF-ə transfertlərin məbləği 2025-ci ildə əvvəlki ilə nisbətən 208 milyon artırılaraq 1 milyard 600 milyon manata çatdırılır”.
Firuzə Əliyeva