ABŞ "Green Card" müraciətlərini dayandırdı

ABŞ miqrantların daha hərtərəfli yoxlanılması çərçivəsində qaçqınlar da daxil olmaqla bəzi kateqoriyalar üçün yeni "Green Card" (Yaşıl kart) müraciətlərinə baxılmasını dayandırıb.
Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Xəbərdə deyilir ki, bu qərar ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri tərəfindən Prezident Donald Trampın göstərişi ilə verilib.
Açıqlamada qeyd olunur ki, müraciətlərin dayandırılması, potensial fırıldaqçılıq, ictimai təhlükəsizlik və ya milli təhlükəsizlik təhdidlərini müəyyən etmək məqsədilə əlavə araşdırmalar və təhlillərin gözlənildiyi halda, statusu tənzimləmək üçün müəyyən müraciətlərin işlənməsini dayandırır.
Sözügedən qərar Trampın daha əvvəl verdiyi iki fərmanla əlaqəlidir. Bunlardan biri, ABŞ-yə daxil olmaq istəyən və ya artıq onun ərazisində olan əcnəbilərin ən geniş yoxlanılmasını nəzərdə tutur, digəri isə Meksika kartelləri və bandalarını terror təşkilatları kimi tanımağa icazə verir.
Qeyd edək ki, "Green Card" ABŞ-də daimi yaşamaq və işləmək hüququ verən bir viza sənədidir. Kart sahibi ABŞ vətəndaşına bərabər olaraq, istənilən ştatda yaşamaq və işləmək, daşınmaz əmlaka sahib olmaq, dövlət məktəbində təhsil almaq və müavinət almaq hüququna malikdir. Lakin seçkilərdə iştirak etmək və ya münsiflər heyətində işləmək hüququ yoxdur. Kart sahibi vergi ödəməli və çağırış yaşında bir kişidirsə, hərbi xidmətə yazılmağa borcludur. Beş ildən sonra isə həmin şəxs ABŞ vətəndaşlığına müraciət edə bilər.