Qızılı olanlara VACİB XƏBƏR: Qiymət REKORDA ÇATDI
Son günlər qızılın qiymətində yeni rekord göstəricilər qeydə alınıb. İlk dəfə olaraq bir troya unsiya qızılın dəyəri 2900 dollar həddinə çatıb. Proqnozlaşdırılır ki, qızılın dəyəri bir qədər də artacaq.
Sfera.az xəbər verir ki, qızılın qiymətindəki artımlara səbəb olan amillərdən biri kimi qızıla investisiyaların artması göstərilir.
Bəs Azərbaycanda da qızıla investisiyalar varmı? Yerli investorlar üçün qızıl sərfəli investisiya vasitəsidirmi?
İqtisadçı ekspert Xalid Kərimli saytımıza bildirdi ki, qızıla investisiyaların artması başa düşülən haldır. Onun sözlərinə görə, qızıl ən etibarlı, az riskli investisiya aləti olduğundan hər zaman sərmayə qoyanlar üçün cəlbedici olub.
“Min illərdir ki, qızıl dövriyyədən çıxmır, ödəniş və yığım vasitəsi kimi istifadə olunur. Dövlətlər, imperiyalar dağılıb, yeniləri yaranıb, kağız pullar ləğv edilib və ya dəyərdən düşüb, amma qızıl öz cəlbediciliyini heç zaman itirməyib”, - deyən X.Kazımlı vurğuladı ki, bu səbəblərdən qızıl ən az riskli investisiya aləti hesab olunur.
Ekspertin fikrincə, qızılın qiymətinin artmasının səbəbi son illərdə dünyada təhlükələrin, gərginliyin artmasıdır. O regional müharibələrin sayının artmasının, siyasi gərginliklərin artmasının qızıla investisiyalara müsbət təsir göstərdiyini söylədi.
X.Kazımlı sadalanan amillərin təsiri ilə Azərbaycanda da qızıla investisiya qoyuluşlarının artmasının müşahidə edildiyini bildirdi. O buna misal kimi Dövlət Neft Fondunun investisiyalarını göstərdi:
“Neft Fondu yalnız 2024-cü ildə 40 tondan çox qızıl alıb və ümumi qızıl ehtiyatını 146,6 tona çatdırıb. Fondun investisiyaları tarixində ilk dəfə olaraq qızıla investisiyaların xüsusi çəkisi 20,6 faizə çatıb. Adətən fond investisiya vəsaitinin 10 faizini qızılda saxlayırdı. Qızılın payının artması onun əlverişli olması ilə bağlı ola bilər”.
Ekspert Azərbaycanda digər şəxslərin, sadə vətəndaşların qızıla nə qədər investisiya etməsinə dair analiz aparmağın isə çətin olduğunu söylədi:
“Çünki qızıla investisiyalara dair statistika yoxdur. Yəqin ki, Azərbaycanda da konservativ investorlar qızıla investisiya edirlər. Lakin bunlara dair məlumatlar açıqlanmır. 2025-ci ildə də qızılın qiymətinin artması proqnozlaşdırılır. Bahalaşma ehtimalı nəzərə alınaraq yəqin etmək olar ki, ölkəmizdə qızıla investisiyalar artacaq. Son illərin qiymət dəyişikliyi göstərir ki, qızıla investisiya cəlbedicidir. Buna görə də qızıla investisiya etmək gəlirli görünə bilər. Amma qızılın 2026-cı ildə də bahalaşacağını proqnozlaşdırmaq çətindir. Nəzərə alaq ki, qızılın qiymətini dəyişməsinə iqtisadi faktorlarla bərabər siyasi hadisələr də güclü təsir göstərir. ABŞ-nin qlobal siyasəti, Amerikanın Çinlə olan münasibətləri, müharibələrin güclənməsi və s. amillər qızılın qiymətinə təsir edəcək”.
Vasif