Avtomobil hissələrinin idxalında azalma var - 37 milyon dollarlıq FƏRQ
2024-cü ildə son illərdə ilk dəfə olaraq Azərbaycana avtomobil ehtiyat hissələrinin idxalında azalma qeydə alınıb.
Sfera.az Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən xəbər verir ki, ölkəmizə 2023-cü ildə 386 milyon dollar dəyərində ehtiyat hissəsi idxal edilməklə rekord nəticə əldə edilmişdi. Amma 2024-cü il rekord yenilənməyib, əksinə idxal həcmi azalıb. 2024-cü ildə idxalın dəyəri 37 milyon dollar azalaraq 349 milyon dollar olub.
Xatırladaq ki, əvvəlki illərdə ehtiyat hissələrinin idxalında sürətli artım müşahidə edilirdi. 2017-ci ildə 84 milyon dollarlıq ehtiyat hissəsi idxal edildiyi halda, 2019-cu ildə 133 milyon dollarlıq, 2021-ci ildə 230 milyon dollarlıq, 2022-ci ildə isə 309 milyon dollarlıq ehtiyat hissəsi idxal edilmişdi. 2023-cü ilin nəticəsi də nəzərə alınarsa, ölkəmizin avtomobil ehtiyat hissələrinin idxalına çəkilən xərc 7 ildə 4,63 dəfə artmışdı.
Lakin 2024-cü ildə artım dinamikası dayanıb və ilk dəfə olaraq idxala çəkilən xərc aşağı düşüb. Ehtiyat hissələrinə çəkilən xərcin azalmasını Azərbaycana yeni və ya az istifadə olunan avtomobillərin idxalının artması ilə izah etmək olar. Artıq avtomobil həvəskarları ucuz, amma köhnə olan avtomobillərdən çox, baha, lakin daha sağlam olan avtomobillərə üstünlük verirlər. Bu dəyişiklik avtomobil ehtiyat hissələrinə olan tələbə də təsir göstərir.
Avtomobil parkı köhnə olan ölkələrdə ehtiyat hissələrinə tələb davamlı yüksəlir. Çünki avtomobillərin köhnə olması onların daha tez-tez təmir edilməsinə və ehtiyat hissələrindən çox istifadə edilməsinə səbəb olur.
Vasif