Qızılda növbəti bahalaşma gecikəcək - YENİ PROQNOZ
Qızılın qiymətinin 3 min dolları keçəcəyinə dair açıqlanan proqnozların reallaşması bir il gecikəcək.
Sfera.az xatırladır ki, ötən il verilən proqnozlarda qızılın bir troya unsiyasının dəyərinin 2025-ci ildə 3 min dolları keçəcəyi bildirilirdi. Lakin yeni açıqlanan proqnozlarda qızılın qiymətinin 3 min dolları ən tezi 2026-cı ildə keçəcəyinə dair məlumatlar əksini tapıb.
“Bloomberg”in xəbərinə görə, ABŞ-nin ən böyük investisiya banklarından olan “Goldman Sachs” də qızılın növbəti bahalaşma dinamikasının gecikəcəyini bildirib. “Goldman Sachs” dolların möhkəmlənməsini və ABŞ Mərkəzi Bankının (FED) addımlarını nəzərə alaraq belə bir proqnoz verib.
FED 2025-ci ildə pul-kredit siyasətində yumşalmanın gözləniləndən daha aşağı sürətlə həyata keçiriləcək. Bu səbəbdən “Goldman Sachs” ilin sonuna kimi qızılın dəyərinin ən yaxşı halda 2900 dollara çatacağını gözləyir.
Qeyd edək ki, 2024-cü ildə qızılın dəyəri 25 faiz artmışdı. Əgər qızıl 2025-ci ildə daha 20 faiz bahalaşsa, qiymətlər 3 min dolları ötəcək. Amma dolların bahalaşması və qlobal hərbi-siyasi gərginliklərin bir qədər zəifləməsi qızılın daha böyük sürətlə bahalaşması ehtimalını zəiflədir.
Buna görə də “Goldman Sachs” qızılın qiymətində 3 min dolların ən tezi 2026-cı ildə qeydə alınacağını təxmin edir.
Vasif
Sfera.az