Banklar kredit faizlərindən nə qədər qazanır? – Rəqəmlər

Banklar kredit faizlərindən nə qədər qazanır? – Rəqəmlər

Azərbaycanda fəaliyyət göstərən banklar hər gün kredit faizlərinə görə 8 milyon manatdan çox qazanc əldə edirlər.

 

Sfera.az Mərkəzi Bankın statistik məlumatlarına istinadən xəbər verir ki, 2024-cü ilin ilk 5 ayında banklar kredit faizlərindən 1,245 milyard manat gəlir əldə ediblər. Bu məbləğin bir günə düşən payı 8,3 milyon manat olub.

 

Ötən ilin eyni dövrü ilə müqayisədə bu il banklar kredit faizlərindən qazanclarını 224 milyon manat və ya hər gün 1,5 milyon manat (22 faiz) artırıblar. Kreditlər üzrə faiz gəlirlərindəki artım kredit qoyuluşunun həcmindəki artıma uyğun olub. Son bir ildə banklar kredit qoyuluşunu da 22 faiz artırıb. Buradan belə aydın olur ki, son bir ildə kredit faizlərinin orta məbləğində ciddi dəyişiklik baş verməyib.

 

Bankların kredit faizlərindən əldə etdiyi məbləğ ümumi faiz gəlirlərinin çox hissəsini təşkil edib. İlk 5 ayda banklar faizlərdən 1,626 milyard manat (hər gün 10,8 milyon manat) qazanıb. Kredit faizlərindən əldə edilən qazanc bütün faiz gəlirlərinin 77 faizini təşkil edib.

 

Banklar kreditlərdən və digər faizlərdən böyük məbləğdə gəlir əldə etsə də onun az hissəsini faiz xərclərinə yönəldib. Bu ilin ilk 5 ayında əldə edilən 1,626 milyard manatlıq faiz gəlirinin 451 milyon manatı, yəni hər 100 manatın 28 manatı faiz xərcləri üçün ayrılıb. Ayrılan vəsaitin 333 milyon manatı isə depozit faizlərinə xərclənib.

 

Göründüyü kimi, banklar hər gün faizlərdən 10,8 milyon manat qazanc əldə etdiyi halda, onun cəmi 3 milyon manatını öhdəliklərinə uyğun olaraq faizlərə xərcləyir. Banklara pul qoyan şəxslərə isə hər gün bunun 2,2 milyon manatı çatır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR