İxtisaslaşma aqrar sahəni inkişafa aparır

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı sovetlər dönəmində rayonlaşdırılmışdı. Dövlət müstəqilliyinin yenidən bərpasından sonra aparılan torpaq islahatları istehsalda ixtisaslaşmanı demək olar ki, aradan qaldırdı.
Sfera.az xatırladır ki, keçmişdə üzümçülük üzrə ixtisaslaşan rayonlarda kartofçuluğa, pambıqçılıq üzrə ixtisaslaşan rayonlarda taxılçılığa, heyvandarlıq üzrə ixtisaslaşan rayonlarda bostan məhsullarının istehsalına və s. formada keçidlər baş verdi. Kənd təsərrüfatında ixtisaslaşmanın pozulması burada fərdi təsərrüfatların vəziyyətini ağırlaşdırdı, eləcə də sonradan sahibkarlıq sinfinin formalaşmasına ciddi əngəllər yaratdı. Halbuki, hər bir regionun coğrafi, iqlim xüsusiyyətlərindən asılı olaraq orada ixtisaslaşmanın olması daha düzgün hesab edilir.
Mütəxəsislərin fikrincə, bu məsələ kənd təsərrüfatında mövcud olan digər problemlərlə müqayisədə daha aktualdır. Çünki ixtisaslaşmanın olmaması və ya zəif şəkildə mövcudluğu bir tərəfdən vəsaitlərdən səmərəli istifadənin, yüksək məhsul istehsalının qarşısını alır, digər tərəfdən sahibkarların renteballi işləməsinə, mülkiyyətçilərin gəlirinin normal səviyyəyə çatmasına imkan vermir. Buna görə də ekspertlər hesab edir ki, ixtisaslaşmanın zəif şəkildə təşəkkül tapması aqrar sektorun inkişafını əngəlləyir.
Sovet dönəmində regionlarımızın məhsul istehsalı üzrə ixtisaslaşması həyata keçirilmişdi. Hər bir region elmi və təcrübi biliyə əsaslanaraq kənd təsərrüfatı sahələri üzrə ixtisaslaşdırılmışdı. Amma təəssüflər olsun ki, mərkəzi amirlik sistemi ləğv ediləndən, kolxoz və sovxozlara aid əmlak özəlləşdiriləndən sonra yaranan yeni mülkiyyətçilər sovet dövründə movcud olan “hər bir təcrübə inkar edilməlidir” prinsipinə aqrar sahədə də əməl etdilər. Nəticədə üzüm əkilən sahələrdə tərəvəz, taxıl məhsulları, pambıq əkilən sahələrdə bostan məhsulları, heyvandarlığın inkişaf etdirildiyi yerlərdə digər tədbirlər görüldü və bununla da uzun illər ərzində ixtisaslaşma ilə bağlı əldə edilən müəyyən müsbət təcrübə aradan qaldırıldı.
Aqrar sahədə böyük uğurlar qazanmış ölkələrin də təcrübəsi göstərir ki, kənd təsərrüfatı istehsalçılarının iqtisadi fəaliyyətinin səmərəliliyinin təmin edilməsində ixtisaslaşmanın mühüm əhəmiyyəti var. İxtisaslaşma tələb edir ki, hər bir regionda istehsal ediləcək kənd təsərrüfatı məhsulunun adı subyektiv rəy əsasənda yox, elmi təcrübə əsasında müəyyən edilsin. Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, ixtisaslaşma istehsalın iqtisadi səmərəliliyini artırmaqda, əməyin məhsuldarlığını yüksəltməkdə müsbət təsirə sahibdir. Buna Azərbaycanın iqlim şəraiti də imkan verir. İqlim şəraitimiz fərqli kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmağa imkan yaradır.
Dağlıq zonalarda, məsələn, Tovuzun, Şəmkirin, Gədəbəyin dağ kəndlərində kartofçuluqla, aran bölgələrdə pambıqçılıqla, geniş əkin sahələri olan rayonlar var ki, orada taxılçılıqla məşğul olmaq mümkündür. Elə bölgələr var ki, orada heyvandarlığa üstünlük vermək olar. Yaxud meyvə, tərəvəz istehsalı ilə məşğul olmaq məsləhətdir. İxtisaslaşma insanların, bu sahədə məşğul olan fermerlərin də püxtələşməyinə, biliyinin dərinləşməsinə imkan verə bilər.
İxtisaslaşmaya dair prinsiplərə SSRİ dağılandan sonra əməl edilməməsi məhsul istehsalı sahəsində kəmiyyət və keyfiyyət göstəricilərinin pisləşməsinə səbəb olub. Belə vəziyyətin yaranmasında aqrar sahədə çalışan mütəxəssislərin sayının azalmasının da böyük rolu var. Sovet dövründə kolxoz və sovxozlarda işin təşkili, əkilməli olan məhsulun müəyyənləşdirilməsi üçün mütəxəsislər var idi. Onların təcrübəsi, elmi biliyi yüksək idi. Kolxozu və sovxozu idarə edənlər də səriştəsiz adamlar deyildi. Həm elmi, həm də təcrübə tərəfdən məhsul təyinatı, istehsalı istiqamətləndirilirdi.
Sovet sistemi dağılandan sonra fermerlər, kəndlilər özləri müstəqil şəkildə məhsul istehsalı ilə məşğul olmağa başladılar. Onlarda təcrübə var idi, amma elmi bilik yox idi. Mütəxəsislərin isə əksəriyyəti aqrar sahədə olan məşğuliyyətinə son qoyub, digər sahələrdə çalışmağa başladılar. Onların arasında xarici ölkələrə, xüsusən də Rusiyaya üz tutanlar da oldu. Buna görə də hazırda rayonlarda mütəxəsis qıtlığı müşahidə edilir.
Yeni dövrdə vəziyyətdən çıxmaq üçün yeni texnologiyanı mənimsəmək və tətbiq etmək lazımdır. Yeniliklər isə elmi bilik tələb edir. Hər bir yeni texnologiyanın tətbiqi üçün onu öyrənmək, texnologiyanı təklif edən tərəflərlə əlaqə qurmaq lazımdır. Bu problemlərə görə, mülkiyyətçi, əkinçi əkib-becərdiyi məhsuldan yaxşı nəticəni əldə edə bilmir. Yaranmış çətinliyi aradan qaldırmaq üçün istehsalçılara Kənd Təsərrüfatı Nazirliyi istiqamət verməlidir. Nazirliyin müxtəlif sahələr üzrə fəaliyyət göstərən institutları var. Həmin institutların mütəxəssisləri yerlərdə olmalıdır, fermerlərlə birgə iş görməlidir, onları maarifləndirməli, istiqamətləndirməlidir. İxtisaslaşmanın baş verməsi üçün hökumət stimullaşdırıcı vasitələrdən istifadə etməlidir.
Qeyd edək ki, son illərdə yeni subsidiya mexanizminin tətbiqi ixtisaslaşmaya marağı artırıb. Ölkəmizdə kənd təsərrüfatının tam ixtisaslaşmış sahələri-pambıqçılıq, meyvəçilik, üzümçülük, tərəvəzçilik, tütünçülük sayılır.
Azərbaycanda ixtisaslaşma dərəcəsinə görə isə kənd təsərrüfatı rayonlarını 3 qrupa bölmək olar: Suvarılan kənd təsərrüfatı rayonları (Kür-Araz, Lənkəran, Samur-Dəvəçi ovalıqları, Naxçıvanın Arazboyu düzənlikləri), Dəmyə kənd təsərrüfatı rayonları (dağətəyi və orta dağlıq əraziləri), otlaq və heyvandarlıq rayonları.
Azərbaycanda kənd təsərrüfatında hələ ixtisaslaşmamış sahələri isə baramaçılıq, arıçılıq, çəltikçilik və sairə sayılır.
Vasif
Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi.