Fevralda dollara tələb necə olub? - STATİSTİKA

Fevralda dollara tələb necə olub? - STATİSTİKA

Azərbaycanda bu il dollara tələbin yüksək olmasını nağd xarici valyuta ilə mübadilə əməliyyatlarına dair açıqlanan statistik məlumatlar da təsdiqləyir. 


Sfera.az xəbər verir ki, bu ilin yanvar və fevral ayları ərzində nağd şəkildə əhali və digər qruplar tərəfindən 711 milyon dollar alınıb. Bu tarixdə satılan dolların məbləği isə 245 milyon olub. 


İlk iki ayda ən çox dollar alışı fevralda həyata keçirilib. Fevralda nağd şəkildə 499,6 milyon dollar alınıb, 125,5 milyon dollar satılıb. Nağd mübadilə zamanı alışın həcmi satışdan 374,1 milyon dollar, yəni 4 dəfə çox olub. 


Müqayisə üçün bildirək ki, ötən ilin yanvar-fevral ayları ərzində nağd formada 243 milyon dollar alınmışdı, 252 milyon dollar isə satılmışdı. Yəni ötən il dollar satışı daha çox olmuşdu. Amma bu il vəziyyət tam əksinə dəyişib və əhali, digər qruplar nağd formada satdıqlarından 2,9 dəfə çox dollar alıblar. 


Sonuncu dəfə belə hal 2020-ci ildə müşahidə edilmişdi. Həmin dövrdə neft qiymətlərinin dəfələrlə azalması əhalidə yenidən devalvasiyanın olacağı qorxusunu yaratdığından dollar alışı xeyli çox oldu. Sonrakı illərdə isə narahatçılıq aradan qalxdı və nağd mübadilə əməliyyatlarında kəskin fərq düzəldi. 


2024-cü ildə də kəskin fərqin düzəlmə ehtimalı var. Çünki neft qiymətləri 80 dollardan yüksəkdir və iddiaların əksinə olaraq devalvasiya üçün əsas yoxdur. Bu vəziyyətdə gərginliyin tədricən aradan qalxacağı gözlənilir.


Vasif
  

 


OXŞAR XƏBƏRLƏR