Bankomatlar kartı qaytarmadıqda nə etmək lazımdır? - "Mütləq halda bloklanmalıdır" + AÇIQLAMA

Bankomatlar kartı qaytarmadıqda nə etmək lazımdır? -

İnsanların üzləşdiyi problemlərdən biri də bankomatların kartları geri qaytarmamasıdır. Belə olan zaman insanların əksəriyyəti nə edəcəklərini bilmirlər.

 

Bəs bankomat kartı geri qaytarmırsa nə etmək lazımdır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, bankomatın kartı qaytarmamasının bir neçə səbəbi ola bilər.

 

“Kart maqnitsizləşəndə və pin kod bir neçə dəfə səhv yığılanda bankomat kartı geri qaytarmaya bilər. Kartın müddəti keçəndə və yaxud bloklananda da bu problemlə üzləşmək olur. Bundan əlavə aparılan əməliyyat şübhəli hesab edildikdə də bankomat kartı geri vermir. İlk növbədə, prosesin qaydasında olmadığını hiss etdiyimiz an ləğv düyməsini basmalıyıq. Bəzi hallarda bu variant kömək edir. Bankomat kartı geri qaytarmırsa, bankomatın yanından ayrılmaq məsləhət görülmür. Bankomat əgər donubsa, 10-20 dəq sonra özünə gəlir və kartı geri qaytarır. Əgər bu üsullarla kartı geri qaytarmaq mümkün olmayıbsa, həmin kartın aid olduğu banka zəng vuraraq problem barədə mlumat vermək lazımdır”.

 

Eskpert bildirib ki, bank əməkdaşları problemin həlli və müraciət ediləcək qurum barədə ətraflı məlumat verəcəklər.

 

“Kart mütləq halda bloklanmalıdır. Bunu insanlar bankın mobil tətbiqi vasitəsilə edə bilərlər. Kart geri qaytarılmasa belə, kartda olan vəsaiti kartın məxsus olduğu bank vasitəsilə nağdlaşdırmaq mümkündür”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR