Mərkəzi Bankın bu faizlərində kəskin azalmalar QEYDƏ ALINDI - AÇIQLAMA

Mərkəzi Bankın bu faizlərində kəskin azalmalar QEYDƏ ALINDI - AÇIQLAMA

Mərkəzi Bankın notlarının faiz dərəcələrində kəskin azalmalar qeydə alınıb. Belə ki, ötən ilin avqustunda 8.29 faizə təklif edilən 28 günlük notlar üzrə son faiz dərəcəsi indi 6.60 faizə enib.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

 

“Həmin müddətdə 84 günlük notlar 8.60 faizdən 6.65 faizə, 168 günlük notlar üzrə son faiz dərəcəsi isə 8.71-dən 6.71-ə enib. 252 günlük notlar üzrə son faiz dərəcəsi isə 9.18 faizdən 6.72 faizədək azalıb. Göründüyü kimi, Mərkəzi Bankın bütün notlarında gəlirlik səviyyəsi aşağı düşüb. Təhlillərimiz göstərir ki, faizlərin azalmasının bir sıra səbəbləri var. Birincisi, Mərkəzi Bankın yüksək faizli notları dövlətin digər qiymətli kağızlarını, praktik olaraq, sıxışdırıb. O birbaşa digər dövlət qiymətli kağızlarında da faiz artımlarına getməyi stimullaşdırıb. Bu isə qiymətli kağızlar bazarında daha yüksək faizli borclanma deməkdir. İkincisi, Mərkəzi Bank uçot faiz dərəcəsini azaltdıqdan sonra notlarda faizlərin aşağı düşməsi gözlənilən idi. Praktik olaraq, hazırda uçot faiz dərəcəsinin ən çox və bəlkədə hələlik yeganə birbaşa təsir etdiyi istiqamət məhz notların faiz dərəcəsidir. Üçüncüsü, yüksək faizli notlar ilə Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini cəlb edə bilib və bununla da maliyyə qurumlarında əlavə resurslara tələb yaradıb”.

 

Deputat bildirib ki, digər mühüm və eləcə də maraqlı məqamlardan biri də Mərkəzi Bankın uçot və eləcə də notlar üzrə son faiz dərəcəsinin aşağı düşməsinə rəğmən, banklarda depozit faizlərinin artmasıdır.

 

“Mərkəzi Bankdakı azalma qərarları bank sektorunda əks istiqamətdə faiz dəyişiklikləri ilə müşahidə olunmaqdadır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR