“Ölkəmizdə vətəndaşlar çox sayda vergi ödəyir” - AÇIQLAMA
Azərbaycan vətəndaşıları çox sayda icbari vergi ödəyir. Bunlara, gömrük rüsumları, sosial sığorta haqları, aksizlərlə bağlı vergilər və.s daxildir.
Sfera.az xəbər verir ki, bu barədə fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.
“2024-cü il büdcəsinin gəlirlərini belə qruplaşdırmaq olar. 1) Birbaşa gördüyümüz vergilər fiziki şəxslərin gəlir vergisidir – 1 mlrd. 895 mln. manat və sadələşdirilmiş vergi 333 mln. manat, 2) ƏDV-dən büdcəyə daxilolmalar – 7,5 mlrd. manat 3) Aksizlərlə bağlı vergilər – 1,5 mlrd. manat və Azərbaycan ərazisinə malların idxalına görə aksizlər – 173 mln. manat, 4) Gömrük rüsumları – 1,5 mlrd. manata yaxın, 5) Yol vergisi – 127 mln. manat, 6) Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar – 831 mln. manat. 7) DSMF-yə ödənilən, yəni, məcburi dövlət sosial sığorta haqları – 5,2 mlrd. manat, 8 ) Avtomobillərin, mənzillərin, sağlamlığın, işsizliyin icbari sığorta xərcləri – bunlar da vergi növüdür, cəmi 500 mln. manata yaxındır. Yəni, vətəndaşlar dolayı olaraq (hələ DSMF-ni saymasaq) 16,3 mlrd. manat dolayı vergi-rüsum ödəyir, çünki, ƏDV daxil bütün vergilərin, rüsumların son ödəyicisi vətəndaşdır, alıcıdır, istehlakçıdır”.
Ekspertin sözlərinə görə, vergi və rüsumlar kəskin azaldılmalıdır ki, iqtisadi aktivlik yaransın:
“Dövlət bizimdir, amma vergi tarixən seçkiyə bağlı olub. Yəni, qədimdə səsvermə hüququn yaranması, ilk vergi ödəyiciləri ilə bağlı olub, ona görə də, vergi veririksə o vəsaitə nəzarət üçün seçki hüququmuzun bərqərar olması çox vacibdir. İqtisadiyyat Nazirliyinin, “Dövlətə vergi – Vətənə sevgi”, sloqanı doğru deyil, “Dövlətə vergi – vətəndaşa seçki”, bu daha doğru, məntiqli yanaşmadır, məhz belə olmalıdır”.
Ülkər Abdurahmanlı