Elektrik enerjisi satışında REKORD GÖSTƏRİCİ – Əsas alıcı ölkələr isə...

Elektrik enerjisi satışında REKORD GÖSTƏRİCİ – Əsas alıcı ölkələr isə...

Azərbaycan ötən il rekord həcmdə elektrik enerjisi satıb. 

 

Sfera.az xəbər verir ki, 2023-cü ildə ixracın miqdarı 4,32 milyard kVt/saata, dəyəri 402,5 milyon dollara çatmaqla əvvəlki ildən kəskin fərqlənib. Bir il əvvəl Azərbaycanın satdığı elektrik ixracının miqdarı 1,71 milyard kVt/saat, dəyəri isə 121,6 milyon dollar idi. 

 

Son 5 ilə diqqət yetirdikdə görürük ki, ölkəmiz elektrik enerjisinin ixracında artıma nail olub. Elektrik enerjisinin ixrac dəyəri 2021-ci ildə 69,34 milyon dollar, 2020-ci ildə 59,8 milyon dollar, 2019-cu ildə 76,8 milyon dollar təşkil edib. 

 

Azərbaycan daim elektrik enerjisinin ixracını həyata keçirib. Amma 2017-ci ildən ixracın dəyəri diqqəti cəlb etməyə başlayıb. 2015-ci ildə 17 milyon dollarlıq elektrik enerjisi satan Azərbaycan ixracın həcmini 2017-ci ildən 51 milyon dollara çatdırıb.

 

Elektrik enerjisinin ixracının artması əlbəttə ki, ölkəmizdə istehsalın artması ilə bağlıdır. 2015-ci ildə istehsalın miqdarı 24,7 milyard kVt/saat olduğu halda, 2021-ci ildə 27,9 milyard kVt/saata, 2023-cü ildə 29,3 milyard kVt/saata çatıb. 

 

Son 10 ildə istehsalın 19 faizə yaxın artması imkan verib ki, Azərbaycan xaricə daha çox elektrik enerjisi satsın. İxracın artması sadəcə istehsalın artırılmasından asılı deyil. Daha çox məhsul sata bilmək üçün alıcının da olması vacibdir. 2023-cü ilin yanvar-noyabr aylarına dair genişləndirilmiş məlumata əsasən, Azərbaycandan elektrik enerjisini əsasən iki ölkə alır. Bu ölkələr Türkiyə və Gürcüstandır. On bir ay ərzində Türkiyə 1,91 milyard kVt/saat elektrik enerjisi alıb və buna görə 263,4 milyon dollar ödəyib. Gürcüstan isə 1,88 milyard kVt/saat elektrik enerjisi alıb və əvəzində 111,3 milyon dollar ödəyib. 

 

Azərbaycan qarşıdakı illərdə də elektrik enerjisinin ixracını bir qədər artıra bilər. Çünki həm Türkiyə, həm də Gürcüstan qazı idxal etdiyindən elektrik enerjisi istehsalının maya dəyəri həmin ölkələrdə yüksək olur. Amma son illərdə alternativ enerji mənbələrinin inkişafı bu ölkələrin Azərbaycandan asılılığını azalda bilər.

 

Vasif


 


OXŞAR XƏBƏRLƏR