Yükdaşıma qiymətləri dəfələrlə artıb: Məhsullar yenidən BAHALAŞACAQ

Qırmızı dənizdəki gərginlik səbəbindən yükdaşıma qiymətləri 8 həftədir ki, artır.
Sfera.az xəbər verir ki, “World Container Index”dəki (Dünya Konteyner İndeksi) dəyişikliyə əsasən, son iki ayda konteyner yüklərinin daşınma qiyməti təxminən 3 dəfə yüksəlib. 2023-cü ilin noyabrında 1382 dollar olan index yanvarın 25-də 3964 dollara çatıb.
İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə yük gəmilərinə hücumları nəticəsində gəmilərin səyahət müddətləri 10-14 günə, bəzilərinin isə 20 günə qədər uzanıb.
Husilərin yük gəmilərinin hərəkətinə problem yaratması ABŞ və İngiltərənin də qoşulduğu bir neçə ölkədən ibarət olan koalisiyanın Qırmızı dənizdə hərbi əməliyyatlar başlatmasına səbəb olub. Bununla əlaqədar olaraq son günlər Qırmızı dənizə gəmi axını sürətlə azalır.
Yükdaşımaların bahalaşması məhsulların qiymətinə təsir göstərir. Mövcud vəziyyət düzəlməsə, qarşıdakı günlərdə daha çox məhsulun dəyərində artım qeydə alınacaq.
Vasif