İnflyasiya respublika üzrə orta göstəricini ötdü - Naxçıvanda BİR İLK

2023-cü ildə Naxçıvan Muxtar Respublikasında (MR) qiymət artımları ölkə üzrə orta göstəricidən yüksək olub.
Sfera.az xatırladır ki, bu, ilk haldır və əvvəlki illərdəki təcrübədən fərqlidir.
Ötən ilə qədər istehlak məhsullarının indeksinə dair açıqlanan məlumatlarda Naxçıvan MR-də inflyasiyanın ölkə üzrə orta göstəricidən xeyli aşağı olduğu görünürdü. Lakin 2023-cü ildə fərqli mənzərə müşahidə edilib və ilk dəfə olaraq Naxçıvan MR-də inflyasiya səviyyəsi Azərbaycan üzrə orta göstəricini keçib.
Ötən il Azərbaycanda 12 aylıq inflyasiya 8,8 faiz olduğu halda, Naxçıvan MR-də 9,4 faiz olub. Müqayisə üçün bildirək ki, inflyasiya 2022-ci ildə ölkədə 13,9 faiz, Naxçıvanda 7,5 faiz, 2021-ci ildə ölkədə 6,7 faiz, Naxçıvanda 3,2 faiz, 2020-ci ildə respublikada 2,8 faiz, Naxçıvanda 0,6 faiz olmuşdu.
Naxçıvanda qiymətlərin daha sürətlə artması ərzaq qiymətlərindəki kəskin artımla bağlıdır. MR-də ərzaq qiymətləri 14 faiz artmaqla ölkə üzrə ərzaq inflyasiyasından (9,6 faiz) xeyli yüksək olub. Qeyri-ərzaq və pullu xidmətlərin qiymətində artım sürəti isə respublika üzrə orta göstəricidən geri qalıb. Belə ki, MR-də qeyri-ərzaq malları 7,9 faiz, pullu xidmətlər 4,6 faiz bahalaşıb.
Vasif