Pensiyalar nə qədər artacaq? – “Yanvar ayından...\"
“Orta əməkhaqqında artım tempi yüksəldikcə pensiyalarda daha çox artımlar müşahidə olunacaq”.
Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O, bu ilin ilk 9 ayı üzrə orta aylıq nominal əməkhaqqı artımının elan edildiyini xatırladıb:
“Bu müddətdə orta aylıq əməkhaqqı 11.2 faiz artıb. İlk 8 ayda bu göstərici 11.3 faiz idi. Orta aylıq əməkhaqqındakı artım faizi isə növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni, bu il ərzində orta maaş nə qədər artacaqsa, pensiyalarda artım da o qədər olacaq. Hazırda indeksləşmədə iki göstəricidən - orta aylıq əməkhaqqının artım səviyyəsi və inflyasiya göstəricisindən istifadə edilir. Pensiya məbləği əvvəlki ildə orta aylıq nominal əməkhaqqında artım tempinə, pensiya kapitalı isə infilyasiya göstəricisinə indeksasiya olunur”.
Millət vəkilinin sözlərinə görə, bu ilin 9 ayındakı tendensiya saxlanacağı halda, gələn ilin yanvar ayında pensiyalar təxminən 11 faizə indeksasiya olunacaq:
“Təbii ki, daha dəqiq rəqəm 2024-cü ilin yanvar ayında elan olunacaq. Bütün hallarda, orta maaşda artım tempi yüksəldikcə pensiyalarda daha çox artımlar müşahidə olunacaq. Bu baxımdan, orta aylıq əmək haqqındakı artım faizi yalnız ölkə iqtisadiyyatında muzdla çalışan işçilər üçün deyil, həmçinin pensiyaçılar üçün də əhəmiyyətlidir”.
Günay