Daha bir bank bağlandı - Əmanətçiləri nə gözləyir?
Mərkəzi Bank daha bir bankın lisenziyasını ləğv edib. Muğan Bank artıq fəaliyyət göstərməyəcək. Bankın idarә olunması üzrә bütün sәlahiyyәtlәr müvәqqәti inzibatçıya keçib. Artıq müflis elan edilən bankın internet səhifəsi də aktiv deyil.
Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən iqtisadçı-deputat Vüqar Bayramov xatırladıb ki, bu ilin ilk 9 ayında üç bank zərərlə işləyib:
“1 milyon 287 min zərəri qeydə alınan Muğan Bank həmin müddətdə mənfəətə həsrət qalan 3 bankdan biri olub. Mərkəzi Bankın açıqlamasında bankın ümumi kredit portfelinin həcmi açıqlanmayıb. Bildirilib ki, 2023-cü ilin III rübünün sonuna bank üzrə sığortalanmış əmanətlər 216,7 milyon manat təşkil edir. Mərkəz Bank elan edib ki, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq. Bununla yanaşı, üçüncü rübün yekunlarına əsasən, Muğan Bankda depozitlərin həcmi 322 milyon 478 min manat olub. Əgər son 18 gün ərzində əmanət portfelində dəyişiklik baş verməyibsə, o zaman Muğan Bankın 105 milyon 778 min manat sığortalanmamış əmanəti olub”.
Millət vəkili qeyd edib ki, vətəndaşlar əmanət yerləşdirən zaman həm bankın maliyyə göstəricilərinə, həm də hesabatlığına xüsusi diqqət yetirməlidirlər:
“Mövcud qaydalara əsasən, məbləği 100 min manatdan çox olmayan manatla 12, xarici valyuta ilə 2.5 faizədək divident ödənilən əmanətlər sığortalanır. Bu baxımdan, vətəndaşlar əmanətləri sığortalanan paket çərçivəsində banklarda yerləşdirməklə risklərdən qoruna bilərlər”.
Günay