Bu il ölkəmizə idxal rekord həddə çatıb – Səbəblər
2023-cü ildə Azərbaycanın idxala xərclədiyi vəsaitin həcmində yeni rekord qeydə alınıb.
Sfera.az ilin ilk 9 ayının məlumatlarına əsasən xəbər verir ki, idxala çəkilən xərc artıq 12,6 milyard dolları ötüb.
Müqayisə üçün bildirək ki, doqquz ay ərzində idxal xərcimiz 2022-ci ildə 10,3 milyard dollar, 2021-ci ildə 8,34 milyard dollar, 2020-ci ildə 7,8 milyard dollar, 2019-cu ildə 10,4 milyard dollar olmuşdu.
İllər üzrə rəqəmlərdəki dəyişiklikdən göründüyü kimi idxalın ən çox olduğu 2019-cu və 2022-ci illərlə müqayisədə bu il idxal xərclərimiz 2,2-2,3 milyard dollar, yəni 21 faizdən çox artıb.
Bəs idxalın bu dərəcədə artmasının əsas səbəbi nədir?
2023-cü ildə idxalın bu dərəcədə artmasının 2 başlıca səbəbi var.
Birinci səbəb inflyasiyadır. Cari ildə idxal edilən malların qiyməti 17 faizdən çox artıb. Bu o deməkdir ki, ötən il aldığımız məhsullardan eyni miqdarda cari ildə də aldığımızda 17 faiz çox pul ödənilməlidir. Əgər 2022-ci ilin ilk 9 ayında 10,3 milyard dollarlıq idxal olduğunu nəzərə alsaq, 2023-cü ildə yalnız inflyasiyaya görə xərclər 12,05 milyard dollara çatardı.
Buradan göründüyü kimi idxaldakı 2,2 milyard dollarlıq artımın 1,75 milyard dolları məhz inflyasiyanın sayəsində baş verib.
Oxşar hal 2022-ci ildə də qeydə alınmışdı. Ötən il idxal mallarının 20 faizdən çox bahalaşması ilə əlaqədar idxala xərclənən pul təxminən 2 milyard dollar artmışdı.
İnflyasiya amili nəzərə almasaq məlum olur ki, idxalımız real 5-6 faiz artıb.
İdxaldakı artımın ikinci səbəbi yanacaq, avtomobil və onun ehtiyat hissələrinin idxal miqdarının kəskin artması ilə bağlıdır.
Yanacağa çəkilən xərc son bir ildə 732 milyon dollar, yəni 1,87 dəfə artıb.
Avtomobil və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc isə 954 milyon dollardan 1,5 milyard dollara yüksəlib. Nəqliyyat vasitələrinin idxal xərcləri bir ildə 546 milyon dollar, yəni 1,57 dəfə artıb.
Adıçəkilən iki məhsul növü üzrə idxal miqdarının kəskin artması ümumən Azərbaycanın idxal xərclərində artımı dəstəkləyib.
Vasif