Əhali qeyri-ərzağa nə qədər pul xərcləyib? - STATİSTİKA
Bu il Azərbaycan əhalisinin qeyri-ərzaq xərclərində sürətli artım müşahidə edilir.
Sfera.az xəbər verir ki, 2023-cü ilin geridə qalan ayları ərzində ərzaq xərclərində real artım 2 faiz olduğu halda, qeyri-ərzaq mallarında real artım 4,8 faiz olub.
İnflyasiya amili nəzərə alındığında isə qeyri-ərzağa çəkilən xərc 14 faizdən çox artıb. Əhali 2022-ci ilin ilk 9 ayında qeyri-ərzaq mallarının alışına 15,54 milyard manat xərcləmişdi. Bu ilin eyni dövründə qeyri-ərzaq mallarının alışına 17,74 milyard manat ayırılıb. Bir ildə əhalinin qeyri-ərzaq mallarına ayırdığı pul 2,2 milyard manat, yəni 14,15 faiz artıb.
Ərzaq mallarına çəkilən xərcdə də xeyli artım var. Son bir ildə ərzağa çəkilən xərc 20 milyard manatdan 23 milyard manata yüksəlib. Müqayisə edilən dövrdə inflyasiya nəzərə alındığında ərzaq xərclərinin 15 faiz artması qeydə alınıb.
Ərzaq xərclərindəki yüksək artım məhz inflyasiyanın yüksək olması ilə bağlı olduğu halda, qeyri-ərzaq mallarında inflyasiya ilə yanaşı real alışın da həcmi çox yüksək olub.
Azərbaycan əhalisi bu il qeyri-ərzaq mallarının alışına hər ay adambaşına orta hesabla 196,4 manat xərcləyib.
Qeyd edək ki, əhalinin qeyri-ərzaq xərclərinin daha sürətlə artmasına istehlak kreditlərinin həcminin artması da kömək edib.
Vasif