İsrail-Fələstin müharibəsi Azərbaycan neftini bahalaşdıracaq? – Ekspertdən AÇIQLAMA
İsrail və Həmas qüvvələri arasında baş verən hərbi toqquşmalar Asiya birjasında neftin qiymətini artırıb. Dolların bahalaşacağı ilə bağlı da proqnozlar verilir.
Maraqlıdır, davam edən gərginlik fonunda dünya bazarında neftin qiymətinin artması yerli brend olan "AzerLight"ın da bahalaşmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadi məsələlər üzrə ekspert Eldəniz Əmirov neft qiymətlərinin fantastik dərəcədə bahalaşa biləcəyini deyib:
“İsraillə Fələstin arasında baş verən münaqişə, bir çox sahələrə olduğu kimi neft qiymətlərinə də ciddi şəkildə təsir göstərəcək. Səudiyyə Ərəbistanının münaqişəyə qatılacağı təqdirdə neft qiymətinin 120 dollara qədər qalxması mümkündür. ABŞ-nin müdaxiləsi isə neft qiymətlərini fantastik səviyyədə yüksəldə bilər. Bu da "AzerLight" markalı neftin də qiymətinin qalxmasına səbəb olacaq. Bu, nəticə etibarilə ölkəyə valyuta daxilolmalarının həcminin artmasında da göstərəcək.
Azərbaycanda neft hasilat həcmləri hazırda kifayət qədərdir. Düzdür, “OPEC Plus” formatı çərçivəsində 33 000 barellik gündəlik məhdudiyyət qalır, amma yenə də, Azərbaycanın 684000 barel gündəlik kvotası vardır ki, bu da ilin sonuna qədər sürüləcək”.
Ekspert dolların bahalaşması ilə bağlı məsələyə də aydınlıq gətirib:
“Ölkəmizdə dolların bahalaşması ilə bağlı heç bir təhdid yoxdur. Ələxsus da biz neft qiymətlərinin bahalaşacağından danışırıqsa, o zaman manatın məzənnə stabilliyinin qorunub saxlanılması daha rahat olacaq. Çünki hökumət məhz manatın məzənnə stabilliyinin qorunub saxlanmasını prioritet istiqamət müəyyən edib və bunun üçün də mövcud şərait var. Yəni neft qiymətlərinin büdcədə nəzərdə tutulan həddən az qala iki dəfəyə qədər baha olması onun üçün yaxşı imkan yaradıb. Eyni zamanda, dollara olan tələbatın azalması da, manata olan təzyiqi qarşılamağa imkan verən faktdır”.
Əzizə Zeynal