Rayonlarda kredit faizləri niyə yüksəkdir? – Deputat AÇIQLADI
Azərbaycanda ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda, yəni Şamaxı, İsmayıllı, Ağsu və Qobustanda təklif edilir. Qarabağ iqtisadi rayonunda - Ağcabədi, Ağdam,Bərdə, Füzuli və Tərtərdə banklar krediti orta hesabla 19.37 faizlə verirlər. Mil-Muğan və cənub bölgələrimizdə də orta kredit faizi 19 üzərindədir. Mərkəzi Bankın məlumatına görə, ən ucuz kreditlər Bakıda təklif olunur.
Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən iqtisadçı ekspert Vüqar Bayramov deyib ki, rayonlarda kredit faizlərinin yüksək olmasının əsas səbəblərindən biri bölgələrin biznes kreditlərinə əlçatanlığının aşağı olmasıdır:
“Risklərini sığortalamaq istəyən banklar nisbətən aşağı faizli biznes kreditlərini Bakıda təklif etməyə üstünlük verirlər. Bu isə bir tərəfdən, bankların regionlarda real sektoru daha az dəstəkləməsinə, digər tərəfdən rayon sakinlərinin bahalı kreditlərdən istifadə etməsinə səbəb olur. Rayonlarda bank filallarının sayının az olması və bu səbəbdən Bakı ilə müqayisədə zəif rəqabət də kredit faizlərinə təsir göstərir”.
Millət vəkili vurğulayıb ki, ölkə üzrə kreditlər orta hesabla 12.53 faizlə təklif olunur:
“Bununla belə, orta kredit faizləri ilə vətəndaşların daha çox istifadə etdiyi istehlak kredit faizləri arasında fərq mövcuddur. Aydındır ki, Azərbaycanda 12.53 %-ə istehlak kreditləri cəlb etmək çox çətindir. Orta kredit faizlərinin nisbətən aşağı olması isə faizlərin hesablanması metodologiyasında güzəştli kreditlərin faizlərindən istifadə edilməsidir. Bu hesablama orta faiz ilə real faiz arasında fərq yaradır. Bununla yanaşı, orta faizdən daha çox, istehlak kreditlərinin faiz dərəcələrinin azaldılması istiqamətində fəaliyyətlərin gücləndirilməsi daha vacibdir”.
Türkan