Mərkəzi Bankın ehtiyatları 411 milyon dollar artıb – Kəskin artımın səbəbi nədir?
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının həcmində sentyabrda kəskin artım qeydə alınıb.
Sfera.az xəbər verir ki, AMB-nin ehtiyatları bir ayda 411 milyon dollar artaraq 9,775 milyard dolları ötüb.
Valyuta ehtiyatlarının həcmindəki artım dinamikası göstərir ki, 2022-ci ildə olduğu kimi 2023-cü ildə də ehtiyatlarda nəzərəçarpacaq artım baş verir. İlin əvvəlindən AMB ehtiyatlarını 780 milyon dollar artıra bilib.
Qeyd edək ki, ehtiyatların həcmində artım daxili bazarda dollar və digər xarici valyutada artıqlığın yaranması ilə bağlıdır. Dollara tələb zəif olduğundan yaranan əlavə vəsaitləri AMB almalı olub.
Sentyabrda ehtiyatların kəskin artması isə böyük ehtimalla Dövlət Neft Fondundan dövlət büdcəsinə böyük məbləğdə vəsait transfert edilməsidir. İlin ilk 9 ayının nəticəsinə əsasən dövlət büdcəsində kəsir yaranıb. Kəsirin bağlanması üçün Neft Fondundan daha çox vəsaitin götürülməsi mümkündür.
Tələbin aşağı olduğu şəraitdə böyük məbləğdə xarici valyutanın Fonddan götürülüb manata dəyişdirilməsi AMB-nin ehtiyatlarının kəskin artmasına səbəb ola bilər.
Vasif