Dərmanlar ucuzlaşacaq – “Apteklər süni qiymət artımı yarada bilməyəcək”
Bir neçə gün öncə Tarif Şurası dərman vasitələrinin qiymətlərinin yuxarı həddinin təsdiq etməsi ilə bağlı qərar qəbul edib. Qərarın dərmanların qiymətlərinə təsir edəcəyi ilə bağlı fikirlər mövcuddur. İlkin proqnozlar dərman preparatlarının qiymətlərinin ucuzlaşacağı yönündədir.
Bu iddialar nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Rüfət Quliyev Tarif Şurasının son qərarının istehlak bazarında dəyişiklik yaradacağını deyib. Millət vəkili bundan sonra süni qiymət artımının olmayacağını bildirib:
“Milli Məclisdə sentyabrın 15-də Rəqabət Məcəlləsi ilə əlaqədar müzakirəmiz oldu. Uzağı bu ilin axırına qədər 16 ildir, müzakirə olunan həmin məcəlləni qəbul edəcəyimizə inanırıq. Sözügedən məcəllə bazar iqtisadiyyatının üç əsas qanunundan biridir. Təbii ki, bunun da bütün istehlak bazarına və xidmətlərinə böyük müsbət təsiri olacaq. Tarif Şurası tərəfindən dərman preparatlarının qiymətlərinin yüksək həddi müəyyən edildi. Bu qanun nəticəsində apteklərdə qiymətlər qalxmayacaq, yəni daha buna imkan verilməyəcək. Yeni qaydalara əsasən, dərman vasitələrini Tarif Şurasının təyin etdiyi qiymətlərdən baha satmaq mümkün olmayacaq”.
Deputat apteklərdə 15 faiz ucuzlaşmanın olacağını proqnozlaşdırıb:
“Yeni qaydanın tətbiqi həm də o deməkdir ki, apteklərin arasında rəqabət yaşanacaq və onlar çalışacaqlar ki, dərman vasitələrini cüzi fərqlə də olsa daha ucuz qiymətə təklif etsinlər. Düşünürəm ki, Tarif Şurasının bu qərarı ən azı ümumi qiymətlərə 15 faiz təsir edəcək. Yəni dərman preparatları ucuzlaşacaq”.
Əzizə Zeynal