Rusiya və Səudiyyə Ərəbistanının qərarı Azərbaycanın üzünü güldürür 

Rusiya və Səudiyyə Ərəbistanının qərarı Azərbaycanın üzünü güldürür 

2022-ci ilin noyabrından bəri ilk dəfə olaraq “Brent” markalı neftin qiyməti 94 dollar səviyyəsini ötüb. 


Sfera.az xəbər verir ki, neft qiymətlərinin yenidən bu səviyyəyə yüksəlməsi neft təklifinin azalması ilə bağlıdır. 


Səudiyyə Ərəbistanı və Rusiyanın satışa az neft çıxartması qiymətləri yüksəldir. Dünyada ən çox neft ixrac edən Səudiyyə Ərəbistanı gündəlik hasilatı ötən ay 1 milyon barel azaldıb. Bununla bağlı qəbul olunan qərarda qeyd edilib ki, hasilatdakı azalma 2023-cü ilin sonuna qədər qüvvədə qalacaq. 


Neft təklifinin azalmasına paralel olaraq neft istehlakında azalma müşahidə edilmədi. Bu səbəbdən neft qiymətlərində yüksəliş baş verir. 


Neftin bahalaşmasına Avropa və ABŞ-də inflyasiyanın zəifləməsi də kömək edir. İnflyasiyanın zəifləməsi mərkəzi banklara sərt maliyyə siyasətindən imtina etməyə əsas verəcək. Sərt maliyyə siyasətindən imtina edilməsi isə yenidən iqtisadi aktivliyi artıracaq ki, bu da neft qiymətlərinə müsbət təsir göstərir. 


Neft bazarında təklifin azalması Azərbaycanın ixrac etdiyi “Azeri Light” markalı neftin qiymətinin daha çox yüksəlməsinə səbəb olub. Hazırda “Azeri Light” markalı neft 101 dollara alınır. 


Bu qiymət Azərbaycan üçün olduqca əlverişlidir. Çünki qiymətlərin yüksəlməsi Azərbaycanın neftdən əldə etdiyi gəlirlərinin azalmasının qarşısını alır. 


Son illərdə Azərbaycanın istehsal etdiyi və ixraca yönəltdiyi neftin həcmi azaldığından ölkəmiz üçün neftin qiymətinin əhəmiyyəti daha da artıb. Neftin qiyməti yüksək olduqda bu, Azərbaycanın hasilatın azalmasına görə yaranan itkilərini kompensasiya edir. 


Buna görə də baha neft indiki dövrdə bizim üçün daha faydalıdır. 


Vasif


OXŞAR XƏBƏRLƏR