Azərbaycanda avtomobillər sürətlə bahalaşacaq
Artıq yanvar ayında Rusiyada və milli valyutası xarici valyutalar (əsasən dollar və avro) qarşısında dəyərini itirən ölkələrdə avtomobillərin qiymətində ciddi artım baş verəcək. Bu barədə avtomobil biznesi ilə məşğul olan korporasiyalardakı mənbələr məlumat veriblər.
Sputnik xarici mediaya istinadla xəbər verir ki, avtomobillərin bahalaşması milli valyutanın xarici valyuta qarşısında zəifləməsi ilə bağlıdır. Bu proses isə 2017-ci ildə daha ağrılı şəkildə davam edəcək. Avtomobil bazarının iştirakçıları milli valyutanın özünə gələcəyini gözləyirlər. Məsələn, Rusiya alıcıları hesab edirlər ki, əgər rubl əvvəlki vəziyyətinə qayıtsa, bu, bazara sabitlik gətirəcək. Nə qədər ki, kursun dəyişməsi prosesi dayanmayıb, istehsalçılar avtomobillərin qiymətlərini qaldırmaq məcburiyyətində qalacaqlar. Çünki rubl gün-gündən dollar və avro qarşısında dəyərini itirir.
Ekspertlərin proqnozlarına görə, Rusiyada avtomobillər azı 4-5% bahalaşacaq. Əgər milli valyutanın dollar qarşısında əriməsi yaxın aylarda da davam etsə, maşın bazarında qiymətlər proqnozlaşdırıldığından daha çox artacaq. Bununla belə, gözlənilən bahalaşma ilə əlaqədar olaraq milli valyutanın kompensasiya edilməsi prosesi də gözlənilmir. Ən azından Rusiyada yaxın 2 il ərzində kompensasiya nəzərdə tutulmayıb. Bu il ərzində Rusiyada yeni avtomobillərin qiyməti 7% bahalaşıb. Ciddi bahalaşma yapon markaları olan Mazda və Toyotada hiss olunub. Bu markalardan olan maşınlar 11% bahalaşıb. Şkoda markalı maşınblar 10%, Fordlar isə 9% bahalaşıb.
Ekspertlərin rəyinə görə, dünyanın maşın bazarında ən ciddi qiymət artımı yenə də yapon maşınlarında hiss olacaq. Azərbaycanın iqtisadçı eksperti Fuad Əlizadə isə bildirib ki, növbəti ildə Azərbaycanın maşın bazarında da qiymət artımı gözlənilir. Çünki milli valyutanın devalvasiyası davam edəcək, bu isə xaricdən idxal olunan malların, eləcə də avtomobillərin qiymətinin artması ilə nəticələnəcək. Fuad Əlizadə deyib ki, hazırda Azərbaycanda çox sayda adam üçün avtomobil daha çox pul qazanmaq mənbəyidir. Adamlar öz avtomobilləri ilə taksi xidməti və digər xidmətlər göstərərək gündəlik dolanışıqlarını təmin edirlər. "Bizdə avtomobil daha çox qazanc vasitəsidir, nəinki komfort. Orta və aşağı gəlirləri olan insanlar maşını kefindən deyil, ehtiyacdan alırlar. Son vaxtlar maşın bazarında müşahidə olunan hal onu deməyə əsas verir ki, əhalinin alıcılıq qabiliyyəti aşağıdır və növbəti qiymət artımı dalğası ən çox maşın və daşınmaz əmlak bazarını vuracaq” – deyə ekspert bildirib.
O hesab edir ki, əhalinin kasıblaşması səbəbindən orta və ucuz avtomobillərin qiymətinin çox qalxması gözlənilmir. O ki qaldı lüks maşınlara, yaxşı gəlirləri olan insanlar qiymətə baxmayaraq, yenə də bu maşınları almağa davam edəcəklər: "Biz gələn il də Azərbaycanda ən dəbdəbəli maşınları görə biləcəyik. Çünki pulu olanlar üçün avtomobilin nə qədər bahalaşmasının o qədər də fərqi olmayacaq. Amma bu bahalaşmadan yenə də aşağı təminatlı və ucuz maşınlardan istifadə edən əhali əziyyət çəkəcək.” – deyə Əlizadə fikrini yekunlaşdırıb.