Azərbaycanda neft istehsalının 2011-ci ildən başlayan azalma prosesi davam edir – Son rəqəmlər

Azərbaycanda neft istehsalının 2011-ci ildən başlayan azalma prosesi davam edir – Son rəqəmlər

Azərbaycanda neft hasilatında 2011-ci ildən başlayan azalma prosesi 2022-ci ildə də davam edib.

 

Sfera.az xəbər verir ki, neft istehsalının davamlı azalması Azərbaycan iqtisadiyyatının artım sürətini zəiflətməklə bərabər ölkəmizin ixrac gəlirlərinin də artmasını əngəlləyir.

 

2010-cu ildə ölkəmizdə 50,8 milyon tondan artıq neft (qaz kondensatı daxil olmaqla) istehsal edilib. Bu qədər neftin 44,5 milyon tonu ixrac edilib, 6,3 milyon tonu daxildə istehlak olunub.

 

Sonrakı illərdə neft hasilatı azalaraq 2016-cı ildə 41 milyon tona, ixrac 35 milyon tona, 2022-ci ildə istehsal 32,6 milyon tona, ixrac 26,65 milyon tona düşüb.

 

2011-2022-ci illərdə neft istehsalı 18,2 milyon ton, ixracı isə 17,85 milyon ton azalıb.

 

Neft Azərbaycan iqtisadiyyatı üçün ən vacib əmtəədir. İqtisadiyyatın dəyərinin formalaşmasında, dövlət büdcəsinin gəlirlərində, xarici valyutaya olan ehtiyaclarımızın ödənilməsində neft əvəzedilməz mənbədir.

 

2010-cu ildən sonra neft istehsalının və ixracının azalmasına baxmayaraq qiymətlərin yüksək səviyyədə (100-110 dollar) qalması Azərbaycanın iqtisadi həyatında çətinliklər yaratmayıb. Amma 2014-2015-ci illərdə neftin dəyərinin də kəskin şəkildə enməsi və uzun müddət “qara qızıl”ın aşağı qiymətə satılması Azərbaycanı çətin vəziyyətə saldı. Hökumət bu vəziyyətdə makroiqtisadi sabitliyi təmin etmək üçün manatın məzənnəsini devalvasiya etməyə məcbur qaldı. Ölkəmizdə ABŞ dollara manata nəzərən 2,16 dəfə bahalaşdı. Əvvəl 0,78 manat olan bir dolların qiyməti 2017-ci ilin martından 1,7 manata yüksəldi.

 

Proqnozlara görə 2023-cü ildə də neft istehsalı və ixracı azalacaq. Bu il hasilat miqdarının 31,2 milyon ton, ixracın 24-25 milyon ton olacağı təxmin edilir.

 

Neft hasilatındakı azalmanı son illərdə qaz hasilatının artması qismən kompensasiya edir. 2018-ci ildən təbii qaz hasilatında ciddi artımlar müşahidə edilir ki, bu da ölkə iqtisadiyyatının gəlirlərinə müsbət təsir göstərir. 2017-ci ildə 18,2 milyard kub metr qaz çıxarıldığı halda 2019-cu ildə 24,5 milyard kub metr, 2022-ci ildə 35 milyard kub metr qaz çıxarılıb. Hasilatın artması ixracı da artırıb. 2017-ci ildə 8,8 milyard kub metr olan ixrac, ötən il 22,6 milyard kub metri ötüb.

 

Qaz hasilatının xeyli artmasına baxmayaraq ölkənin Dövlət Neft Fondunun gəlirlərində qaz satışından əldə edilən gəlirlərin payı azdır. 2022-ci ildə neft və kondensat gəlirləri 10,217 milyard dollar olduğu halda, qaz satışından gəlirlər 1,114 milyard dollar təşkil edib.

 

Qaz gəlirlərinin az olmasının əsas səbəbi qazın neftdən xeyli ucuz olmasıdır. Bununla yanaşı Azərbaycanın əldə etdiyi mənfəət qazının müəyyən hissəsi daxili istehlaka yönəldildiyindən daha çox qazı ixraca yönəltmək mümkün olmur.

 

Bununla belə qarşıdakı illərdə qaz gəlirləri artacaq və neft gəlirlərindəki azalmanı daha çox kompensasiya edə biləcək. 2023-cü ilin ilk 7 ayının nəticələri də bunu göstərir. İlk 7 ayda Dövlət Neft Fondu neft ixracından 4,417 milyard dollar gəlir əldə etdiyi halda, qazdan 881 milyon dollar gəlirə sahib olub. İlin sonunda qazdan gəlir 1,5 milyard dolları ötə bilər.

 

Amma istənilən halda neft gəlirlərindəki azalmanı qaz gəlirləri ilə tam bağlamaq mümkün olmayacaq.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...