Əməkhaqqı kartları işləyənlərin sayından xeyli çoxdur – Səbəb
Azərbaycanda əməkhaqqı kartlarının sayı işləyənlərin sayından xeyli çoxdur.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkəmizdə 1,7 milyon muzdlu işçiyə 2,828 milyon ədəd əməkhaqqı kartı düşür. Başqa sözlə, hər 100 nəfər işləyənin 166 maaş kartı var.
Əvvəlki illərlə müqayisədə son illərdə maaş kartlarının sayında kəskin artım müşahidə edilir. 2018-ci ildə 2,06 milyon ədəd, 2022-ci ildə 2,76 milyon ədəd maaş kartı var idi. Bu ilin ilk yeddi ayında isə əməkhaqqı kartlarının sayında daha 69 min ədəd artım olub.
Hər 100 işçiyə 2018-ci ildə 135 ədəd, 2022-ci ildə 162 ədəd maaş kartı düşürdü.
Maaş kartlarının sayının işçi sayından xeyli çox olması iki səbəblə izah oluna bilər. Birinci səbəb, bəzi işçilərin 2 yerdən əməkhaqqı almasıdır. Qanunvericiliyə əsasən muzdlu işçi bir əsas və bir əlavə iş yerində çalışa bilər. Bu cür işləyən şəxslər 2 əməkhaqqı kartına sahib olur.
Amma yəqin ki, işçilərin 66 faizi bu cür işləmir. Bu cür çalışan işçilərin sayı azdır. O halda sistemdə daha çox əməkhaqqı kartının göstərilməsi ikinci səbəblə bağlıdır.
Maaş alanlara verilən kartlar müəyyən müddət aktiv olur. Adətən kartın aktiv qalma müddəti 3 il təşkil edir. Bu müddətdə işçi işindən rəsmən azad edilsə də, əməkhaqqı kartı aktiv statusunu saxladığından sistemdə maaş kartı kimi görünür. Buna görə də maaş kartlarının sayı işçilərin sayından xeyli çoxdur.
Vasif