Azərbaycanın taxılla özünütəminetmə səviyyəsi pisləşib - Rəqəmlər

Azərbaycanın taxılla özünütəminetmə səviyyəsi pisləşib - Rəqəmlər

Ötən il Azərbaycanın taxıl məhsulları ilə özünütəminetmə səviyyəsi pisləşib.

 

Sfera.az xəbər verir ki, 2021-ci ildə 73,7 faiz olan özünütəminetmə səviyyəsi 2022-ci ildə 69 faizə geriləyib.

 

Özünütəminetmə səviyyəsi ölkədə istehsal edilən məhsulun daxili tələbə olan nisbətini ifadə edir. Bu göstəricinin taxıl məhsulları üzrə 69 faizə düşməsi o deməkdir ki, Azərbaycanda istehsal edilən taxıl ölkənin bu məhsula olan tələbatının 69 faizi qədərindədir. Özünütəminetmə səviyyəsinin aşağı düşməsi idxal məhsullarından asılılığın artdığını göstərir.

 

Taxılla özünütəminetmə səviyyəsinin pisləşməsi istehsalın azalması ilə bağlıdır. 2022-ci ildə Azərbaycanda 3,161 milyon ton taxıl istehsal edilib. Taxıl istehsalı bir il əvvələ nisbətən 6 faiz azalıb.

 

Taxıl məhsulları üzrə bu göstəricinin pisləşməsi əsasən buğda istehsalının azalması ilə bağlı olub. Ötən il buğda istehsalı azaldığından buğda ilə özünütəminetmə səviyyəsi 61,5 faizdən 56,7 faizə düşüb.

 

Buğdadan başqa qarğıdalı ilə özünütəminetmə göstəricisi də pisləşib. Bu məhsul növündə təminetmə 93,6 faizdən 78 faizə geriləyib.

 

Azərbaycan taxıl məhsullarından yalnız arpa ilə özünü tam təmin edə bilir. Arpa ilə özünütəminetmə səviyyəsi 101,2 faizdir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR