Bu il ÜDM-in adambaşına düşən məbləği azalacaq – RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan iqtisadiyyatının nominal dəyərinin kiçilməsi müşahidə edilir. Ehtimal olunur ki, ilin sonuna qədər bu proses davam edəcək.
Sfera.az xəbər verir ki, nominal dəyərin kiçilməsi neft-qaz sektorunda istehsalın azalması və qiymətlərin aşağı düşməsi ilə bağlıdır.
2023-cü ilin yanvar-iyul aylarına dair açıqlanan məlumata əsasən, ümumi daxili məhsul (ÜDM) istehsalının nominal dəyəri 70,4 milyard manat olub. 2022-ci ilin eyni dövründə 74,15 milyard manatlıq istehsal həyata keçirilmişdi.
Müqayisə göstərir ki, bu il iqtisadiyyatın nominal dəyəri 5 faizdən çox azalıb. İstehsalın azalması sənaye sektoru ilə bağlıdır. Sənayedə 30,1 milyard manatlıq əlavə dəyər istehsal olub ki, bu da ötən il qeydə alınan nəticədən (39,2 milyard manat) 9,1 milyard manat, yəni 23 faiz azdır.
Sənayedə yaradılan nominal dəyərin azalması neft-qaz sektoru ilə bağlıdır. Neft-qaz sektorunda həm istehsalın fiziki həcmi azalıb, həm də ötən illə müqayisədə neft və qaz qiymətləri enib.
Bu il neft-qaz sektorunda istehsalın fiziki həcmi 2,2 faiz azalıb. İxrac etdiyimiz neft, qaz və neft-qaz məhsullarının dəyəri isə 4 faiz kiçilib.
Sadalanan hər iki amilin təsiri ilə neft-qaz sənayesində yaradılan dəyər azalıb.
Proqnozlara əsasən, bu il neft və qaz qiymətləri əvvəlki ildəki qiymətlərdən aşağı olacaq. Həmçinin neft istehsalının azalacağı, qaz istehsalının artacağı gözlənilir.
Mövcud proqnozlar daxilində ÜDM-in nominal dəyərinin bir qədər azalması ehtimalı yüksəkdir.
Bu proqnozlar özünü doğruldarsa, 2023-cü ildə 2022-ci ilə nisbətən adambaşına düşən ÜDM istehsalının həcmi də kiçiləcək. Ötən ilin ilk 7 ayında 7376 manatlıq (4338 dollar) adambaşına ÜDM istehsal edildiyi halda, bu ilin eyni dövründə istehsalın adambaşına düşən hissəsi 6939 manata (4081 dollar) geriləyib.
Vasif