“AFB Bank”ın xalis mənfəəti azalıb

“AFB Bank”ın xalis mənfəəti azalıb

“AFB Bank” 2023-cü ilin birinci yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.

 

Sfera.az banka istinadən xəbər verir ki, 2023-cü ilin birinci yarısında “AFB Bank”ın xalis mənfəəti illik müqayisədə 36.7% azalaraq 5 milyon 494 min manat təşkil edib. 2022-ci ilin müvafiq dövründə bank 8 milyon 673 min manat xalis mənfəət əldə etmişdi.

 

Hesabat dövründə bankın faiz gəlirləri 7.3% artaraq 9 milyon manat, faiz xərcləri isə 78.4% artaraq 2.2 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 5.1 milyon manata ( illik müqayisədə 5.2% çox), qeyri-faiz xərcləri isə 8.7 milyon manata ( illik müqayisədə 19% çox) bərabər olub. Beləliklə bank 3.2 milyon manat əməliyyat mənfəəti qazanıb ki, bu da illik müqayisədə 31.5% və ya 1.5 milyon manat azalma deməkdir.

 

Cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 4.4% və ya 12.4 milyon manat artaraq 294.8 milyon manata yüksəlib. Cari ilin ilk 6 ayında “AFB Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 87 min manat azalaraq 170.7 milyon manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 22 milyon manat ( illik müqayisədə 15.5% çox), biznes kreditləri 92,3 milyon manat ( illik müqayisədə 9.2% az), daşınmaz əmlak kreditləri isə 56.3 milyon manat ( illik müqayisədə 12.5% çox) təşkil edib.

 

Bu dövrdə “AFB Bank”ın cəmi öhdəlikləri 217 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 9.1% və ya 18.1 milyon manat çoxdur. Bankın depozit portfeli də cari ilin ilk 6 ayında 9.3% və ya 10.8 milyon manat artaraq 127 milyon manata çatıb. Şirkətlərin bankdakı əmənətləri 7.8 milyon manat və ya 9% azalaraq 78.5 milyon manat, fiziki şəxslərin depozitləri isə 18.6 milyon manat və ya 62.6% artaraq 48.4 milyon manat olub.

 

2023-cü il iyul ayının 1-nə “AFB Bank”ın cəmi kapitalı 6.7% və ya 5.6 milyon manat azalaraq 77.8 milyon manat təşkil edib.


OXŞAR XƏBƏRLƏR