Neft hasilatının azalması sənayeni kiçildir – ŞƏRH

Neft hasilatının azalması sənayeni kiçildir – ŞƏRH

Azərbaycanda son illərdə neft istehsalının azalması səbəbindən sənaye göstəricilərində pisləşmə müşahidə edilir. 


Sfera.az xəbər verir ki, oxşar proses 2023-cü ildə baş verir. 


Rəsmi açıqlanan məlumatlara əsasən, 2023-cü ilin birinci yarısında sənaye istehsalında 1,6 faiz azalma baş verib. Sənayedə istehsalın azalmasının yeganə səbəbi neft hasilatının azalması ilə bağlıdır.


Sənayedə neft sektorunun payı olduqca yüksəkdir. Buna görə də neft sektorundakı vəziyyət sənaye göstəricilərinə güclü təsir edir. Bu ilin 6 ayında neft hasilatı 7,7 faiz azalıb ki, bu da ümumən neft-qaz sektorunda istehsalın 2,3 faiz azalmasına səbəb olub. 


Neft-qaz sektorunda istehsal göstəriciləri daha çox azala bilərdi. Lakin qaz hasilatının 3,2 faiz artması daha çox azalmanın qarşısını alıb. 


Buna baxmayaraq, neft-qaz sektorunda geriləmənin qarşısını almaq mümkün olmayıb. Məhz xam neft hasilatının kəskin azalması neft-qaz sektorunda göstəricinin mənfi olmasına şərait yaradıb. 


Azərbaycanın sənaye istehsalında neft-qaz sektorunun payı 50 faizdən yüksəkdir. Bu yüksək asılılıq səbəbindən neft-qaz sektorundakı geriləmə ümumən sənaye istehsalının azalması ilə nəticələnib. 


Sənayenin qeyri neft-qaz sektorunda isə 6,5 faiz artım qeydə alınıb. Amma bu artım neft-qaz sektorundakı geriləməni kompensasiya edə bilməyib. 


Xatırladaq ki, ölkəmizdə xam neft hasilatı 2010-cu ildən sonra azalır. Həmin ildə neft hasilatı 50,84 milyon tona yüksəlmişdi. Sonrakı illərdə hasilat azalaraq 2021-ci ildə 34,58 milyon tona, 2022-ci ildə 32,6 milyon tona geriləyib. 2023-cü ilin birinci yarısında isə istehsal bir qədər də azalaraq 15,2 milyon tona düşüb. 


Neft hasilatının azalması fonunda təbii qaz hasilatının artması müşahidə edilir. 2010-cu ildə 16,6 milyard kub metr olan qaz hasilatı 2021-ci ildə 32,6 milyard kub metrə, 2022-ci ildə 35 milyard kub metrə yüksəlib. 2023-cü ilin birinci yarısında isə 18,2 milyard kub metr qaz hasil edilib. 


Azərbaycanda qaz hasilatının artması neft hasilatındakı azalmanı müəyyən qədər kompensasiya etsə də istehsal dəyərindəki azalmanı tam bağlaya bilmir. Bunun səbəbi neftin daha bahalı əmtəə olmasıdır. Bir ton neftin qiyməti təxminən 2000 kub metr qazın dəyərinə bərabərdir. Buna görə də neft hasilatındakı azalmanı tam kompensasiya etmək üçün qaz hasilatı daha çox artırılmalıdır. Əks təqdirdə sənaye istehsalı hələ bir müddət azalacaq və ya burada artım çox zəif olacaq. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR