Azərbaycanda kreditlərin yarısı istehlak üçün alınır

Azərbaycanda kreditlərin yarısı istehlak üçün alınır

Azərbaycanda banklar tərəfindən verilən kreditlərin təxminən yarısı istehlak məqsədilə alınır.

 

Sfera.az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, hüquqi və fiziki şəxslərin banklara yaranan kredit borcunun 45 faizindən bir qədər çoxunu istehlak təyinatlı kreditlər formalaşdırıb. Bu ilin iyun ayının əvvəlinə olan məlumata əsasən, banklara kredit borcu 20,659 milyard manat təşkil edib. Bunun 11,171 milyard manatı (54,1 faiz) biznes məqsədilə alınan kredit borclarından ibarətdir. Hüquqi və fiziki şəxslər bu kreditlər hesabına biznes fəaliyyətindən gəlir əldə edirlər. Yalnız ev təsərrüfatlarının biznes məqsədilə 2,45 milyard manat kredit borcu yaranıb.

 

Banklara yaranan borcun 9,508 milyard manatını isə istehlak məqsədilə alınan kreditlər formalaşdırıb. Bu qədər borcun 6,224 milyard manatını birbaşa istehlak təyinatlı kreditlər, 3,264 milyard manatını ipoteka kreditləri təşkil edib. İstehlak məqsədilə yaranan kredit borclarının tamamı ev təsərrüfatlarına məxsusdur. Bu növ kreditləri götürən şəxslər heç bir gəlir əldə etmir, əvəzində onların kreditlər üzrə faiz və əsas məbləğə görə əlavə xərcləri yaranır.

 

Yalnız ipoteka kreditləri istehlak kreditləri arasında daha əlverişlidir. Bu növ kreditlər bəzi insanların xərclərinin daha əlverişli olmasına şərait yaradır. Belə ki, ipoteka krediti götürən şəxslər kirayə xərclərindən azad olur, kreditlər hesabına aldıqları mənzil isə uzunmüddətli dövrdə dəyər qazanaraq kredit götürən şəxsin əsas və faiz məbləğinə görə xərclərini kompensasiya edir.

 

Son məlumatlara görə banklara olan kredit borcunun təxminən 45 faizi istehlak və ipoteka kreditlərindən ibarətdir. Əksər ölkələrdə istehlak məqsədilə alınan borcların cəmi kreditlərdə payı daha yüksəkdir. Dinamika göstərir ki, yaxın gələcəkdə Azərbaycanda da istehlak məqsədilə götürülən kreditlərin ümumi kreditlərdə payı bir qədər də artaraq 50 faizi ötəcək. Xatırladaq ki, 2 il əvvəl istehlak məqsədilə alınan kreditlərin cəmi kreditlərdə payı 42 faiz idi.

 

Vasif


OXŞAR XƏBƏRLƏR