Azərbaycanın pambıq ixracından gəliri 2 dəfədən çox azaldı

2023-cü ildə Azərbaycanın pambıq ixracındən əldə etdiyi gəlir 2 dəfədən çox azalıb.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-aprel ayları ərzində pambıq mahlıcı ixracı 44,2 min ton olduğu halda bu ilin eyni dövründə 20,9 min tona geriləyib. İxracda 23,3 min ton və ya 2,11 dəfə azalma baş verib.
Pambıq mahlıcının ixracı miqdar ifadəsində azalmaqla yanaşı dəyər ifadəsində də xeyli azalıb. Belə ki, ötən ilin ilk 4 ayında pambıq satışı ölkəmizə 102,5 milyon dollar gəlir gətirdiyi halda, bu ilin eyni dövründə “ağ qızıl”ın satışından gəlir 38,3 milyon dollara düşüb. Pambıq satışında baş verən geriləmə ölkəmizin gəlirinin 64,2 milyon dollar azalmasına səbəb olub.
Qeyd edək ki, pambıq Azərbaycanın kənd təsərrüfatı mallarının ixracında böyük paya sahibdir. Bu səbəbdən pambığın ixrac miqdarının azalması ümumən kənd təsərrüfatı mallarının ixrac həcmini pisləşdirib. Aqrar malların ixrac dəyəri 2022-ci ilin yanvar-aprel ayları ərzində 282,3 milyon dollar təşkil etdiyi halda bu il 210,1 milyon dollara düşüb. Kənd təsərrüfatı mallarının ixracında 25,6 faiz azalma qeydə alınıb.
Pambıq satışının kəskin azalmasından sonra onun kənd təsərrüfatı mallarının ixracında payı 36,3 faizdən 18,2 faizə enib.
Vasif