Logo

Azərbaycanda inflyasiya zəifləyir – Qiymət artımları təkrəqəmli olacaq

Azərbaycanda inflyasiya zəifləyir – Qiymət artımları təkrəqəmli olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda 2023-cü ilin mart ayından başlayaraq qiymət artımlarının sürətində zəifləmə müşahidə edilir. Fevralda illik qiymət artımı 14,1 faizə yüksəldikdən sonra martda 13,6 faizə, apreldə 12,8 faizə geriləyib.

Sfera.az xəbər verir ki, iki ay ərzində illik qiymət artımlarının sürətinin 1,3 faiz bəndi zəifləməsi başda ərzaq malları olmaqla bütün məhsul qrupları üzrə baş verib.

Fevralda ərzaq malları üzrə illik inflyasiya 17,1 faiz olduğu halda martda 16,8 faizə, apreldə 15,1 faizə enib.

Bu müddətdə qeyri-ərzaq mallarının dəyərində artım sürəti 11,7 faizdən 10,9 faizə, pullu xidmətlərdə isə 12,2 faizdən 11,3 faizə geriləyib.

Hər 3 mal qrupunda qiymət artımlarının zəifləməsi ümumən inflyasiya səviyyəsini aşağı salıb.

Qiymətlərdəki bu dəyişiklik aylıq müqayisədə bahalaşma sürətinin zəifləməsi ilə bağlıdır. Bu il aylıq qiymət artımları əvvəlki ilin eyni ayları ilə müqayisədə zəifdir. Qiymətlər ötən ilin mart ayında 1,1 faiz, apreldə 1 faiz artdığı halda, bu il aylıq qiymət artımı martda 0,7 faiz, apreldə 0,3 faiz artıb.

Müşahidələr göstərir ki, 2023-cü ilin fevralından sonra qiymət artımları səngiyib. Ölkəmizdə qiymət artımlarının səngiməsi xarici bazarlarda qiymət səviyyəsinin düşməsi ilə izah edilə bilər. Son bir ildə dünya ərzaq qiymətlərində davamlı eniş var. Eyni zamanda neftin və digər yanacaq məhsullarının ucuzlaşması, Rusiya-Ukrayna müharibəsi ətrafında gərginliyin sabitləşməsi əmtəə bazarlarında narahatlığı azaldıb. Bu dəyişiklik əksər məhsullar üzrə qiymətlərin enməsinə səbəb olub.

Bahalaşmadan fərqli olaraq xaricdə qiymətlər endikdə onun Azərbaycan bazarında qiymətlərə təsiri qısa müddətdə baş vermir. Təcrübə göstərir ki, düşən qiymətlərin Azərbaycanda da hiss ediləməsi üçün təxminən 6 ay gözləmək lazımdır.

Artıq mart və aprel aylarından bahalaşma sürətinin zəifləməsi xaricdəki qiymət dəyişikliklərinin təsirinin hiss edilməsini göstərir. Mövcud dinamika davam edərsə, böyük ehtimalla, 2023-cü ilin ikinci yarısında, daha dəqiq ilin dördüncü rübündə inflyasiya səviyyəsi təkrəqəmli həddə enəcək.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin sonunda inflyasiyanın 8 faiz olacağını təxmin edir. Bu il inflyasiya səviyyəsinə təsir edəcək əsas amillərdən biri məhz xarici bazarlarda qiymət səviyyəsinin bir qədər enməsi ilə bağlıdır.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR