“Quru sərhədlərin bağlı qalmasının səbəbini heç kim bilmir” – Natiq Cəfərli

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov quru sərhədlərin açılacağı ilə bağlı məsələyə iyulun 1-dən sonra baxılacağını deyib.
Yəni xüsusi karantin dövrü ərzində bu, gündəmdə olmayacaq. Digər tərəfdən, ötən günlərdə ÜST pandemiyanı rəsmən ləğv edib. Bəs, quru sərhədlər niyə açılmır?
Bununla bağlı Sfera.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, quru sərhədlərin bağlı qalmasının səbəbini heç kim bilmir:
“Ən azından rəsmi şəxslər bunun əsl səbəbini demirlər. Əgər səbəb COVİD-19-la əlaqəli idisə və ÜST-ün protokollarına görə bu qərar verilmişdisə, indi qurum da pandemiyanın bitdiyini elan etdi. Ona görə də ən azı indiki dövrdə sərhədlərin pandemiya səbəbindən bağlı qaldığını söyləmək doğru deyil. Bu, inandırıcı da ola bilməz. Bu baxımdan sərhədlər açılmalıdır, ya da heç olmasa, rəsmi başqa bir səbəb göstərilməlidir”.
Müsahibimiz qeyd edib ki, qeyd edilənlər yoxdursa, iyulun 1-dən quru sərhədlərin açılmasına ümid etmək olar:
“Ümumiyyətlə, karantin rejiminin uzadılması ilə quru sərhədlərin bağlı qalmasının heç bir əlaqəsi yoxdur. İstənilən gün Nazirlər Kabineti karantin rejimini iyulun 1-nə qədər saxlamaq şərtilə, quru sərhədləri aça da bilər”.
Günay Rəsulqızı