ABŞ-də konstitusiya böhranı yarana bilər – Borc limiti Ağ Evlə Konqresi üz-üzə qoydu

ABŞ-də konstitusiya böhranı yarana bilər – Borc limiti Ağ Evlə Konqresi üz-üzə qoydu

ABŞ-də borc limitinin artırılması məsələsi gündəmdə olan əsas müzakirə mövzularından biridir. Ağ Ev borc limitinin artırılmasını istəsə də Nümayəndələr Palatasında çoxluğa sahib olan müxalifət buna qarşı çıxır. 


Bəs limitin artırılmasına razılıq verilməsə, nə baş verəcək? 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ maliyyə naziri Janet Yellen son açıqlamasında bu məsələnin həll olunmayacağı təqdirdə konstitusiya böhranının baş verə biləcəyinə dair xəbərdarlıq edib. 


ABŞ Prezidenti Co Bayden böhranı həll etmək üçün çərşənbə axşamı Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə görüşəcək. Əgər Nümayəndələr Palatasından Ağ Ev dəstək ala bilməsə, Prezident Bayden Senatda çoxluğa sahib olan demokratların köməyindən istifadə edəcək. 


Respublikaçılar bəzi şərtlərlə limitin artırılmasına razıdırlar. Lakin hökumət borc limitinin ilkin şərtlərlə artırılması təklifini məqbul hesab etmir. 


Ağ Ev limitin 1,5 trilyon dollar artırılmasını istəyir. Hökumət ödənişləri yerinə yetirmək üçün borc pul almalıdır. Hazırda ABŞ Maliyyə Nazirliyinin borc limiti 31,4 trilyon dollardır. Hökumət bu məbləğin 33 milyard dollara çatdırılmasını istəyir. 


Borc limitinin artırılması ilə bağlı hansı ssenarilər var? 


Birinci variant ABŞ Prezidenti Bayden ilə Nümayəndələr Palatasının spikeri Makkarti arasında razılığın əldə edilməsidir. Bu ssenari maliyyə bazarları üçün müsbət xəbər olacaq. 


İkinci variant Konqresdə azlıqda olan demokratlar tərəfindən borc limiti ilə bağlı qanun layihəsinin spikerin razılığı olmadan “petisiya ərizəsi” ilə Nümayəndələr Palatasının Baş Assambleyasına təqdim edilməsidir. Bu təşəbbüs 218 üzvün dəstəyini tələb edir. Ekspertlər güman edir ki, bu istiqamətdə hansısa təşəbbüsün uğur qazanma şansları zəifdir. 


Üçüncü variant borc limitinin artırılmasının müvəqqəti təxirə salınmasıdır. Konqres Ağ Evlə sövdələşməni müzakirə etmək üçün borc tavanını müvəqqəti olaraq bir neçə həftə və ya aylara dayandıran qanun layihəsini qəbul edə bilər. Nümayəndələr qərar versələr, sentyabrın sonuna qədər borc tavanı məsələsinin müzakirəsi dayandırılacaq. 


Dördüncü variantda Ağ Ev Konqresin razılığını almadan öz başına hərəkət edə bilər.

 

Bayden administrasiyasının borc limiti məsələsini həll etmək üçün təkbaşına hərəkət etməsi üçün iki əsas variant var. Birincisi, Bayden 1 trilyon dollarlıq sikkələr buraxa bilər. Ağ Ev daha sonra sikkələri FED-ə yerləşdirib bu puldan hökumətin borclarını ödəmək üçün istifadə hüququ əldə edəcək. Ancaq ekspertlər bunun əhəmiyyətli çatışmazlıqlar yaratdığını deyirlər. FED-in bu varianta üstünlük vermədiyi də məlumdur. İkincisi isə Baydenin Konstitusiyanın 14-cü maddəsinə istinad edərək hökumətə borc götürməyə davam etməyi əmr etməsi hüququdur. Hüquq ekspertləri deyirlər ki, 14-cü maddəyə müraciət Ağ Ev üçün ağıllı gediş olacaq.


Beşinci variantda ABŞ Konqresi və Ağ Ev iyun ayına qədər razılığa gələ bilməsələr, hökumətin ödənişləri etmək üçün kifayət qədər pulu olmayacaq. Bu halda hökumətin bəzi təşkilatları və agentlikləri işini dayandıracaq. Eyni zamanda xarici ölkələrə ödəniləcək borclar da daxil olmaqla, bir çox xarici ödənişlərə fasilə veriləcək.


Vasif

 


OXŞAR XƏBƏRLƏR