Büdcədə neftin qiyməti artırılacaq: Bu, hansı iqtisadi dəyişikliklərə səbəb olacaq?

Azərbaycanın maliyyə naziri dövlət büdcəsində neftin qiymətində dəyişiklik edilməsinə əsas olduğunu bildirib. Nazir yeni qiymətin hansı səviyyədə olacağını bildirməsə də açıqlamalarından aydın olur ki, neftin büdcədə nəzərdə tutulan qiyməti artırılacaq.
Sfera.az xatırladır ki, 2023-cü il üçün qəbul edilən dövlət büdcəsində neftin ortaillik qiyməti 50 dollardan hesablanıb.
2023-cü ilin yanvar-aprel aylarındakı faktiki qiymətlər göstərir ki, neftin orta qiyməti 80 dollar səviyyəsində olub. Bu qiymət büdcədə nəzərdə tutulan qiymətdən 60 faiz yüksəkdir.
Müxtəlif maliyyə qurumlarının proqnozuna əsasən, 2023-cü il ərzində neftin ortaillik qiyməti 70-80 dollar aralığında dəyişəcək. Bu ehtimal daxilində Azərbaycanın dövlət büdcəsində neftin orta qiymətinin 60-70 dollar intervalında götürülməsi realdır.
Neftin büdcədə nəzərdə tutulan proqnoz qiymətinin artırılması dövlət büdcəsinin gəlirlər hissəsinin daha düzgün proqnozlaşdırılmasına imkan yaradacaq. Gəlirlər artacağından eyni zamanda xərclərin də artırılması mümkün olacaq.
Makroiqtisadi proqnozlara əsasən, neftin qiymətinin 10 dollar artması icmal büdcəsinin gəlirlərinin təxminən 2,2 milyard manat artmasına şərait yaradır. Altmış dollar proqnozunda icmal büdcənin gəlirinin 35,2 milyard manat olacağı təxmin olunub.
Bu halda icmal büdcənin tərkib hissəsi olan dövlət büdcəsinin də gəlirləri artıq proqnzolaşdırılır.
Neftin qiyməti 50 dollardan hesablandıqda dövlət büdcəsinin gəlirləri 16,297 milyard manat proqnozlaşdırılıb. Bunun 11,28 milyard manatı Dövlət Neft Fondundan transfert məbləği təşkil edir. Neftin qiymətindəki dəyişiklik bu məbləğə təsir etmir. Qalan hissə, yəni 5,017 milyard manat vergi orqanlarının xətti ilə daxilolmadır.
Büdcədə neftin orta qiymətinin artması neft sektoru üzrə vergi daxilolmalarını artımına imkan yaradacaq.
Gəlirlərin yüksək proqnozlaşdırılması xərclərin də artırılmasına kömək edəcək və bu halda xərclər 33,3 milyard manat yox, daha yüksək götürüləcək. İlkin məlumatlara əsasən, xərclər təxminən 3 milyard manat, yəni 10 faiz artırılacaq.
Xərclərin artırılması həm əhalinin gəlirlərinin artmasına, həm də iqtisadi artımın sürətlənməsinə kömək edəcək. Belə ki, dövlət büdcəsinin xərcləri artdıqda maaş və digər sosial ödənişlər, eyni zamanda investisiya qoyuluşu artır. Həm sosial xərclərin, həm də investisiya xərclərinin artırılması nəticə etibarilə tələbi gücləndirdiyindən iqtisadiyyatda böyümə imkanları artır.
2023-cü ilin dövlət büdcəsinə yeniliyin edilməsi büdcə xərclərində xüsusən investisiya yönümlü xərclərin daha çox artırılmasına imkan yaradacaq. Həmin xərclərin əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasını sürətləndirəcək. Əlavə vəsaitlər tikinti xərclərinin artmasına səbəb olduğundan əsas kapitala investisiya qoyuluşunın həcmi daha da artaracaq.
Bu baxımdan dövlət büdcəsində neftin ortaillik qiymətinin artırılması iqtisadiyyatın fiskal səbəblərdən böyüməsini dəstəkləyəcək.
Vasif