Azərbaycan MDB ölkələri üçün əlverişli bazardır – STATİSTİKA

Azərbaycanın xarici ticarət əməliyyatlarında bir qayda olaraq profisit qeydə alınsa da ölkəmizin MDB respublikaları ilə ticarətində daim kəsir müşahidə edilir.
Sfera.az xəbər verir ki, 2023-cü ilin birinci rübündə də oxşar vəziyyət olub.
Birinci rübdə MDB ölkələrinə 362,5 milyon dollarlıq mal satıldığı halda, həmin ölkələrdən 1,256 milyard dollar dəyərində mal alınıb.
Məlumatlardan aydın olur ki, Azərbaycan 9 MDB respublikasının yalnız ikisi (Qırğızıstan və Tacikistan) ilə müsbət xarici ticarət balansına sahibdir. Digər yeddi respublika ilə ticarətdə kəsir qeydə alınır.
Ən böyük ticarət kəsiri Rusiya ilədir. Rusiyaya 261 milyon dollarlıq mal satıldığı halda bu ölkədən 796 milyon dollarlıq mal alınıb.
Birinci rübdə Rusiyanın Azərbaycana satdığı əsas mallar neft məhsulları (106 milyon dollar), təbii qaz (99,4 milyon dollar), buğda (51 milyon dollar), polietilen (11 milyon dollar), polipropilen (11 milyon dollar), propilen (10 milyon dollar) olub.
Azərbaycan Rusiyaya əsasən təbii qaz (55,5 milyon dollar), pomidor (18 milyon dollar), xurma (14 milyon dollar), fındıq (10 milyon dollar), polietilen (14,1 milyon dollar), polipropilen (13 milyon dollar), propilen (12,7 milyon dollar) ixrac edib.
Birinci rübdə ölkəmizdən Türkmənistana 22 milyon dollarlıq ixrac həyata keçirilib, əvəzində 190 milyon dollarlıq mal alınıb.
Türkmənistandan idxalda neft məhsulları (75,4 milyon dollar) və təbii qazın (12,3 milyon dollar) payı yüksəkdir.
Azərbaycan Türkmənistana daha çox alüminiumdan hazırlanan kabellər (8,8 milyon dollar) və şəkər (5,5 milyon dollar) satıb.
Qazaxıstanla ticarətdə böyük kəsir var. Qazaxıstana 29 milyon dollarlıq mal satılıb, 102 milyon dollarlıq idxal həyata keçirilib. Qazaxıstandan idxal edilən əsas mallar buğda (31 milyon dollar), neft məhsulları (20 milyon dollar), maye yanacaq (10 milyon dollar) olub. Azərbaycan Qazaxıstana isə daha çox minik avtomobilləri (5 milyon dollar), borular (4 milyon dollar) satıb.
Ukraynadan da böyük miqdarda mal idxal edilir. Birinci rübdə Ukraynaya 26 milyon dollarlıq ixrac olduğu halda ixrac 60 milyon dollar təşkil edib.
Belarusa 7,75 milyon dollarlıq ixrac əvəzində 72 milyon dollarlıq idxal, Özbəkistana 11 milyon dollarlıq ixrac edildiyi halda, 32 milyon dollarlıq idxal həyata keçirilib.
Ümumilikdə Azərbaycanın ixracının 4,7 faizi, idxalımızın isə 31 faizi MDB ölkələrinin payına düşür. Göründüyü kimi idxalımızda MDB ölkələrinin payı olduqca yüksəkdir. Azərbaycan faktiki olaraq MDB ölkələri üçün əlverişli bazara çevrilib.
Vasif