İlon Mask “Twitter”i satmaq istəyir: “Uyğun alıcı tapılarsa..."

İlon Mask “Twitter”i satmaq istəyir: “Uyğun alıcı tapılarsa...

Milyarder iş adamı İlon Mask “Twitter”i satmağı düşünür. 
 

Sfera.az xəbər verir ki, Mask bu barədə “BBC”yə danışıb. 


O, “Twitter”ı ələ keçirmə prosesinin "kifayət qədər ağrılı" olduğunu və şirkətin "böyük eniş çıxışlar" yaşadığını söyləyib. İş adamı “uyğun alıcı” tapılacağı təqdirdə sosial media platformasını sata biləcəyini açıqlayıb.


Maskın “BBC”yə müsahibəsinin eyni gündə hazırlanıb təsdiqlənməsi diqqət çəkib. Müsahibəni alan “BBC”nin texnologiya müxbiri Ceyms Kleyton prosesin necə baş verdiyini izah edib: "Bu səhər İlona müsahibə vermək istəyib-istəmədiyini soruşdum və o, “bəli” cavabını verdi".


Kleytonun müsahibəsi canlı yayımlanıb və 3 milyon insan tərəfindən izlənilib.

“Twitter”i satın aldığına görə peşman olub-olmadığı sualına Mask “çətinlik səviyyəsi olduqca yüksək idi” cavabını verib. O, son ayların "olduqca stresli" olduğunu etiraf edib, lakin şirkətdə işlərin pis olmadığını söyləyib.


Mask vaxtaşırı şirkətdə yatdığını və heç kimin ziyarət etmədiyi ofis kitabxanasında “daimi yeri” olduğunu qeyd edib.

Milyarder “Twitter”dəki paylaşımları ilə bağlı özünü tənqid də edib: “Tvitlərimlə özümü dəfələrlə ayağımdan vurduğumu düşünürəm. Məncə saat 3-dən sonra tvit yazmamalıyam”.

İş adamı “Twitter”i alarkən təxminən 8000 işçinin olduğunu, bu sayı 1500-ə endirməyin asan olmadığını xatırladıb. Mask, həmçinin heç kimi təkbətək görüşərək işdən çıxarmadığını deyib: “Bu qədər insanla üz-üzə danışmaq asan deyil”.

“Twitter”i tərk edən mühəndislərin çoxluğu sosial media tətbiqinin sabitliyi ilə bağlı narahatlıqları artırıb. Mask isə bəzi çətinliklərə baxmayaraq, “Twitter”in düzgün işlədiyini iddia edib. 


Xatırladaq ki, “Tesla” və “SpaceX” şirkətlərinin də sahibi olan İ.Mask ötən ilin oktyabr ayında “Twitter”i 44 milyard dollara satın alıb.

 

Lalə
Sfera.az


OXŞAR XƏBƏRLƏR