“Bitcoin” yenidən bahalaşır – Dəyəri 30 min dolları ötdü

“Bitcoin” yenidən bahalaşır – Dəyəri 30 min dolları ötdü

Dünyanın ən bahalı kriptovalyutası olan “Bitcoin”in dəyəri 2022-ci ilin iyunundan sonra ilk dəfə olaraq 30 min dolları ötüb. 


Sfera.az xatırladır ki, “Bitcoin”in qiyməti 2021-ci ilin noyabrında maksimum səviyyə olan 64 380 dollara yüksəldikdən sonra enirdi. Bu kriptovalyutanın qiyməti ötən ilin dekabrında 16 700 dollara qədər düşdü. 


“Bitcoin”in ucuzlaşmasının səbəbi dolların bahalaşması ilə bağlı idi. ABŞ mərkəzi bankı faizləri mütəmadi artırdığından Amerikanın valyutasına və digər qiymətli kağızlarına sərmayə qoymaq daha sərfəli oldu. Bu səbəbdən “Bitcoin”də olan vəsaitlər də dollara yönəldildi. 


Lakin son aylar dolların ucuzlaşması müşahidə edilir. ABŞ valyutası tədricən dəyər itirdiyindən “Bitcoin” yenidən bahalaşır. Bununla əlaqədar olaraq “Bitcoin”in qiyməti bu ilin yanvarında 20 min dolları, martın 17-də 25 min dolları, bu gün isə 30 min dolları ötüb. 


Birja analitiklərinin fikrincə, əgər ABŞ mərkəzi bankı faizləri artırmasa, hətta bir müddət sonra faiz endirimlərinə gedərsə, “Bitcoin” daha da bahalaşacaq və onun dəyəri ilə bağlı yeni yüksək məbləğlər qeydə alınacaq. 


Onu da bildirək ki, “Bitcoin”in bahalaşması kriptovalyutanın bazar həcmini də artırır. Son məlumata görə, hazırda dövriyyədə olan “Bitcoin”lərin ümumi dəyəri 581 milyard dolları ötüb. 


Vasif


OXŞAR XƏBƏRLƏR