Astaradan İngiltərəyə 1 ton düyü göndərildi – İLK DƏFƏ
Astara rayonunda çəltikçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları builki yığım mövsümünü uğurla başa vurublar.
Sfera.az xəbər verir ki, bu il rayonda çəltik sahələri iki dəfə genişləndirilərək 133 hektara çatdırılıb. Artıq sahələrdə çəltik yığımı yekunlaşdığından məhsulun qurudulub dəyirmanda üyüdülməsi prosesi gedir. Burada isə hər 100 kiloqram çəltikdən təxminən 70 kiloqram düyü əldə olunur. Bu, yüksək məhsul əldə edən məhsul istehsalçıları üçün qənaətbəxş nəticədir. Üstəlik nəzərə alsaq ki, təsərrüfat sahibi düyünü satmaq üçün müştəri axtarmalı olmur. Məhsul çox vaxt elə dəyirmanda satılır.
Alıcı Nəcməddin Hüseynov Astara düyüsünün keyfiyyətli olduğunu vurğulayaraq bildirib ki, hər il Lənkərandan gələrək, düyünü buradan alır. Keyfiyyətinə isə söz ola bilməz.
Astaranın Artupa kəndində dəyirmançı işləyən Mehman Quliyev tələbatın çoxluğu səbəbindən bu il yerli düyünün qiymətinin də bir qədər artığını deyib: "Dəyirmanda satılan düyünün qiyməti 4-5 manat arasında dəyişir. Azərbaycanın bütün bölgələrindən buraya düyü almağa gəlirlər. Bu il ilk dəfə olaraq İngiltərəyə 1 ton düyü göndərmişik”.
Lakin, çəltikçilikdə bəzi çətinliklər də qalmaqdadır. Fermerlərin əksəriyyətinin üz tutduğu bu dəyirmanda qurutma sexi yoxdur. Bu isə məhsul istehsalı zamanı itkilərə səbəb olur.
Azərtac //
Sfera.az