2008-ci il böhranı təkrarlana bilər: ABŞ önləyici tədbirlər görür 

2008-ci il böhranı təkrarlana bilər: ABŞ önləyici tədbirlər görür 

ABŞ-də aparıcı banklardan biri olan Silikon Vadisi Bankının (SVB) müflis olmasından sonra Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) və FED digər bankları da iflas riskindən qorumaq üçün həll yolu axtarır. 


Sfera.az xəbər verir ki, bu məqsədlə likvidlik problemi olan banklar üçün fond yaratmaq planlaşdırılır. 


SVB məhz likvidlik probleminə görə iflas olub. Bank 2 milyard dollar vəsait tapa bilmədiyindən öhdəliklərini yerinə yetirə bilməyib. 


İflasdan sonra ABŞ-də müştərilərin banklara inamı zəifləyib. Ötən həftənin sonuna olan məlumata görə, ABŞ banklarının bazar dəyəri 100 milyard dollardan çox azalıb. 


Buna görə də, hər iki qurum daha böyük problemlərin yaranmaması üçün vəsait ehtiyatları yaradacaq, əmanətlərin qorunması sistemi bir qədər də genişləndiriləcək.

 

Gözlənilir ki, bu tədbirlərdən sonra əmanətçilərdə narahatlıq xeyli azalacaq və likvid vəsait probleminin yaranma riski aradan qalxacaq. 


Xatırladaq ki, 2008-ci ildə ABŞ-dən başlanan və qısa müddətdə bütün dünyaya yayılan maliyyə böhranının səbəbi də bankların likvidlik problemi idi. Həmin dövrdə ipoteka kreditlərinin geri ödənişlərində gecikmə baş verdiyindən banklarda likvidlik problemi yarandı və onlar müştəriləri qarşısında öhdəliklərini yerinə yetirə bilmədilər. Bu təlaşın təsiri ilə öncə ABŞ-də, sonra Avropa və digər regionlarda bankların, maliyyə qurumlarının müflisləşməsi baş verdi. 
Yenidən oxşar böhranın yaşanmaması üçün FDIC və FED qabaqlayıcı tədbirlər görməyə çalışır. 


Vasif


OXŞAR XƏBƏRLƏR