Xarici valyutaya tələb hələ də zəifdir – Neft Fondunun aktivlərində artım güclənə bilər

Xarici valyutaya tələb hələ də zəifdir – Neft Fondunun aktivlərində artım güclənə bilər

Dövlət Neft Fondunun (Fond) yanvar və fevral aylarında valyuta satışına dair açıqladığı məlumatlardan görünür ki, ölkəmizdə xarici valyutaya, o cümlədən ABŞ dollarına tələb hələ də aşağı səviyyədədir. Bu səbəbdən ötən il olduğu kimi 2023-cü ildə də Fonddan dövlət büdcəsinə transfertin məbləği proqnozlaşdırılandan az olacaq. 


Sfera.az xəbər verir ki, 2023-cü ildə Fond dövlət büdcəsinə maksimum 6,635 milyard dollar köçürməlidir. Bu, aylıq bölgüdə orta hesabla 553 milyon dollar vəsait edir.  
Yanvar və fevral aylarında satılan valyutanın məbləği isə çox azdır. Valyuta satışı yanvarda 188,5 milyon dollar, fevralda 356,6 milyon dollar olub. İki ayda cəmi 545,1 milyon dollar satılıb. Mövcud vəziyyətdə kəskin dəyişiklik olmayacağı təqdirdə ilin sonunda da valyuta satışı maksimum həddən, yəni 6,6 milyard dollardan xeyli az olacaq. 


Xatırladaq ki, ötən il Fonddan dövlət büdcəsinə maksimum 6,774 milyard dollar köçürülməsi nəzərdə tutulsa da faktiki köçürülən məbləğ 4,66 milyard dollar olub. Köçürülmənin bu qədər az olmasının səbəbləri arasında vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan artımla yanaşı xarici valyutaya tələbin zəif olması da var. Bu vəziyyət Fondun aktivlərinin artımında mühüm rol oynamışdı. 


Vasif


OXŞAR XƏBƏRLƏR