Əmanət faizləri artacaq – Vergi tətbiqi bankları buna vadar edəcək

Əmanət faizləri artacaq – Vergi tətbiqi bankları buna vadar edəcək

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında əmanətlərdən əldə edilən gəlirlərdən vergi tutulmasının təsirlərindən danışıb.


Sfera.az xatırladır ki, 2022-ci ilin fevralın 1-dən sonra fiziki şəxslərin əmanətlərdən əldə etdiyi gəlirdən 10 faiz vergi tutulacaq. 


T.Kazımov vergi tətbiqinin əmanət faizlərinə artırıcı təsir edəcəyini gözlədiklərini bildirib. O əmanət faizlərinin artırılmasının isə kredit faizlərinə də təsir göstərəcəyini istisna etməyib. 


Qeyd edək ki, son illərdə əmanət faizlərində enmə müşahidə edilirdi. Mərkəzi Bankın məlumatına əsasən, 2020-ci ilin əvvəlində manatla əmanətlərdə orta faiz dərəcəsi 9,7 faiz olduğu halda hazırda 9,3 faizə, xarici valyutada isə 2,4 faizdən 1,8 faizə enib. 


Yeni cəlb edilən əmanətlər üzrə faizlərdə demək olar ki, sabit qalıb.


Bankların açıqladıqları məlumatların təhlili göstərir ki, hazırda böyük banklar manatla əmanətləri illik 5-6,5 faizə, orta səviyyəli banklar 9-10 faizə, kiçik banklar 10-11 faizə qəbul edir. 


Əmanət faizlərinin aşağı düşməsi hesabına manatla kredit faizləri də azalaraq 16 faiz olub. Yeni cəlb edilən kreditlər üzrə faizlər hətta 16-dan da azdır.
Mövcud qaydalara əsasən, banklara 12 faiz və ondan aşağı dərəcə ilə qoyulan əmanətlər sığortalanır. Xarici valyutada isə 2,5 faizə qədər qoyulan əmanətlər sığortalanmış olur. 


Faiz gəlirlərindən verginin tutulmasından sonra böyük ehtimalla banklarda əmanət faizləri 1 bənd artırılacaq və bəzi banklarda  faiz dərəcələri 12 faizə çatacaq. Amma bu, yeni bağlanan əmanət müqavilələrinə aid olacaq. 


Faizlərin artırılması əmanətçilərin əldə etdiyi faiz gəlirinin azalmasının qarşısını alacaq. Məsələn, hazırda illik 10 faizlə 1000 manat gəliri olan əmanətçi vergi ödənildikdən sonra 900 manat xalis gəlirə sahib olur. Əvvəl isə xalis gəlir 1000 manat idi. 


Faizlər bir qədər artırılaraq 11 faizə çatdırıldıqda gəlir 1100 manat, vergi ödənildikdən sonrakı xalis gəlir isə 1000 manat təşkil edəcək.  Yəni, əmanətçi faizlərin artırılmasından sonra əvvəlki gəlirinə sahib olacaq.  


Vasif


OXŞAR XƏBƏRLƏR