Qida məhsullarının idxalı sürətlə artır – REKORD

Qida məhsullarının idxalı sürətlə artır – REKORD

Azərbaycan ötən il yeyinti məhsullarının idxalına rekord məbləğdə pul xərcləyib. Xaricdən alınan qida məhsullarına xərclənən pul 2,363 milyard dolla təşkil edib. 


Sfera.az bildirir ki, qida məhsullarının idxalına bir ildə 2 milyard dollardan çox vəsaitin xərclənməsinə ilk dəfə rast gəlinir. Bundan öncə ən yüksək göstərici 2021-ci ildə qeydə alınmışdır. Həmin ildə qida mallarının idxalına 1,93 milyard dollar xərclənmişdi. 


Son 5 illik dövrün (2018-2022) müqayisəsini apardıqda görürük ki, qida mallarının idxalı sürətlə artır. Beş il əvvəl qida mallarının xaricdən alınmasına 1,37 milyard dollar xərcləyən Azərbaycan ötən il bu xərcləri 1 milyard dollar, yəni 73 faiz artırıb. 


Artımın bu qədər böyük olmasında inflyasiya əsas rol oynasa da, bahalaşma yeganə səbəb olmayıb. 2018-ci ildən indiyə qədər idxal edilən malların dəyəri 50 faizdən çox artmayıb. Ancaq qida mallarına çəkilən xərc 70 faizi ötüb. 


2018-ci illə apardığımız müqayisə göstərir ki, idxal edilən əsas qida mallarının miqdarında da artım var. Ötən il qida məhsullarından ən çox pul buğdaya, meyvə-tərəvəzə, bitki və heyvan mənşəli yağlara, kərə yağına, çaya, ətə xərclənib. 2022-ci ildə bu qida mallarının idxalına 1,23 milyard dollar xərclənib. 


Beş il ərzində idxal edilən buğdanın miqdarı 210 min ton artaraq 1,3 milyon tona, meyvə-tərəvəzin miqdarı 75 min ton artaraq 371 min tona, bitki və heyvan mənşəli yağların miqdarı 18 min ton artaraq 172 min tona, kərə yağının miqdarı 6,5 min ton artaraq 18,5 min tona, çayın miqdarı 1,5 min ton artaraq 14,4 min tona yüksəlib.

 

Ötən müddətdə ət idxalının miqdarı 2,8 min ton azalaraq 44,6 min tona düşüb. 


Əsas malların idxal miqdarının artması göstərir ki, son 5 ildə Azərbaycan xaricdən qida mallarının alışını artırıb.  


Qida mallarının idxalının sürətlə artması ümumi idxalda onun payının da artmasına səbəb olub. Belə ki, 2018-ci ildə ümumi idxalın 12 faizi qida mallarından ibarət olduğu halda, ötən il idxal mallarının payı 16,2 faizi ötüb. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR