Banklar dollar almır, manatın məzənnəsi dəyişir? - AÇIQLAMA

Banklar dollar almır, manatın məzənnəsi dəyişir? - AÇIQLAMA

Mərkəzi Bankın təşkil etdiyi son 2 valyuta hərracında banklar tərəfindən heç bir sifariş təqdim edilməyib. Bu, o deməkdir ki, hərraca çıxarılan dolları heç bir bank almaqda maraqlı olmayıb. Yəni, hərraclarda bankların dollara tələbi yaranmayıb.


Bəs səbəb nədir? Manat dollara nisbətən möhkəmlənə bilərmi?


Sfera.az xəbər verir ki, millət vəkili, iqtisadçı Vüqar Bayramov dollara tələbin azalmasını bir neçə əsas səbəblə əlaqələndirib.


Millət vəkilinin fikrincə, ilin əvvəlində dollara tələbin azalması daim müşahidə olunan haldır.

 

“Bu, daha çox idxal əməliyyatlarının həcmi ilə bağlıdır. İlin ilk ayında idxalın həcminin azalması dollara tələbi də aşağı salır”, - deyən V.Bayramov hesab edir ki, idxalın həcminin dəyişməsi xarici valyutaya tələbi müəyyənləşdirir.


Millət vəkili hərraclarda bankların dollar almamasının digər səbəblərinin olduğunu da bildirib:

 

“Digər tərəfdən, əhalinin də dollara tələbi azalmaqdadır. Burada iki mühüm məqam var. Birincisi, dollar alışına limitlər qalmaqdadır. Bu da dollar alışına birbaşa təsir göstərir. İkincisi, manatın uzun müddət stabil qalması dollar yığımlarına tələbi azaldıb. Banklarda əhalinin 11 milyard 753 milyon manatlıq depozitinin 7 milyard 139 milyon manatı milli, 4 milyard 603 milyon manatı isə xarici valyutada saxlanılır.


Manatın məzənnəsinin dəyişməsinə gəldikdə isə, Mərkəzi Bankın məzənnə siyasəti üçün manatın güclənməsi deyil, mövcud kursu qoruyub saxlamaq daha prioritet görsənir. Azərbaycanda hələlik üzən məzənnə siyasətinə keçilmədiyi üçün manatın kursuna Mərkəzi Bank intervensiya alətləri ilə birbaşa təsir edə bilir. Bu baxımdan, mövcud məzənnə siyasəti manatın kursunun möhkəmlənməsini hədəfləmir. Qlobal bazarlardakı volatilliyi nəzərə alsaq, kursda istənilən dəyişikliyin orta və uzun müddətli dövrdə əks təsirləri ola bilər. İndiki halda Mərkəzi Bank üçün hədəf mövcud kursu qorumaqdır”.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR