Neft Fondundan transfert kəskin azaldıldı

Neft Fondundan transfert kəskin azaldıldı

Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert edilən məbləğ 2022-ci ildə kəskin şəkildə azaldılaraq 7,923 milyard manata düşüb. 


Sfera.az xatırladır ki, 2022-ci ilin təsdiq edilən dövlət büdcəsində Neft Fondundan transfertin yuxarı həddi 11,5 milyard manat nəzərdə tutulmuşdu. 


Qaydaya əsasən, transfertin məbləği bu həddən çox ola bilməz, amma həmin həddən aşağı olmasına icazə verilir. İlin yekunlarına dair məlumatlar göstərir ki, Neft Fondundan nəzərdə tutulan maksimum həddən 3,6 milyard manat, yəni 31 faiz az vəsait büdcəyə köçürülüb. 


Sonuncu dəfə dövlət büdcəsinə bu qədər az vəsaitin köçürülməsi 2017-ci ildə qeydə alınıb. Həmin ildə büdcəyə 6,1 milyard manat köçürülmüşdü. 


2017-ci ildə köçürülən məbləğin az olması vəsaitin qənaət edilməsi ilə bağlı olmayıb. Həmin ilin büdcə layihəsində bu qədər az vəsaitin köçürülməsi nəzərdə tutulub və o icra edilib. 


Amma ötən il nəzərdə tutulandan xeyli az vəsait büdcəyə köçürülüb. Bunun səbəbi 2 amillə bağlı olub. Birinci və ən əsas amil dövlət büdcəsinin vergi gəlirlərinin nəzərdə tutulandan 85 faiz çox olmasıdır. Vergi daxilolmaları hesabına büdcəyə əlavə olaraq 5 milyard manatdan artıq vəsaitin daxil olması Neft Fondunun vəsaitlərinə olan ehtiyacı azaldıb. 


Digər səbəb ölkə daxilində xarici valyuta təklifinin yüksək olması ilə bağlıdır. 2022-ci ildə Azərbaycana valyuta axınının böyük olması ilə əlaqədar manata tələb güclənib. Buna görə də, Neft Fondundan daha çox vəsaitin köçürülməsinə ehtiyac yaranmayıb. 


Ümumilikdə, indiyə qədər Neft Fondundan dövlət büdcəsinə 130 milyard manat pul transfert edilib. 2023-cü ildə daha 11,28 milyard manatın köçürülməsi nəzərdə tutulub. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR